BAKI, 7 noyabr — Sputnik. Cəmiyyət həyatın dibindəki uşaqlardan xəbərsizdir. Belə uşaqların sayı paytaxtda da, Bakı ətrafında da, regionlarda da həddindən artıq çoxdur.
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən "Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı" mövzusunda keçirilən Dəyirmi Masada Azərbaycan Uşaq Birliyinin rəhbəri, hüquq müdafiəçisi Kəmalə Ağazadə belə deyib.
Onun sözlərinə görə, qeyri-sağlam ailələrdə dünyaya gələn uşaqlar gələcəyin potensial cinayətkarları kimi böyüyürlər. Çünki onlar körpə vaxtlarından valideyn sevgisindən, qayğısından məhrum olur, zorakılıqla üzləşir, ən müxtəlif travmalar alırlar. Bu cür böyüyən uşaqlar gələcəkdə cəmiyyət üçün ciddi başağrısına çevrilirlər.
Bəs necə edək ki, Azərbaycanda bəzən valideyn nəzarətindən kənar, bəzənsə qeyri-normal valideynlərdən tərbiyə alaraq böyüyən uşaqların sayı az olsun?! Necə edək ki, uşaqlar ailələrdə zorakılığa məruz qalmasınlar və travma ilə böyüməsinlər?!
Dəyirmi Masa iştirakçıları bu suala cavab tapmağa çalışıblar. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bununla bağlı dünya təcrübəsinə istinad etməyi təklif edib.
"Misal üçün, İsraildə ailələrdə zorakılıqla üzləşən uşaqlar sosial işçilər tərəfindən aşkarlanır və dövlət o uşaqları valideynlərdən alaraq öz himayəsinə götürür. O uşaqlara normal təhsil, tərbiyə verilir və gələcəkdə bu uşaqlar öz ölkələri üçün faydalı insanlara, peşəkar kadrlara çevrilir", - deyən Abdullayeva, bu təcrübənin keçmiş Sovetlər İttifaqında da olduğunu xatırladıb.
Qeyd edib ki, Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazov, eləcə də SSRİ rəhbərliyində olmuş bir çox şəxslər haqqında onların uşaq evlərində böyüdüyü deyilirdi. Müharibə illərində valideynlərini itirən uşaqları dövlət himayəsinə götürürdü və ölkəsi üçün faydalı insanlar yetişdirirdi. Onlar sonra xüsusi xidmət orqanlarında, orduda, hüquq-mühafizə sistemində və s. əvəzolunmaz kadrlara çevrilirdi. Çünki dövlət onları öz arzusuna uyğun vətəndaş kimi yetişdirirdi.
"Bəlkə biz də bu təcrübədən istifadə edək?! Həyatın dibindəki uşaqları dövlət himayəsinə götürsün, onların təlim-tərbiyəsinə yüksək səviyyədə fikir verilsin. Dövlətin qayğısı və məhəbbəti ilə böyüyən uşaqlar həmişə öz dövlətlərinə sədaqətlə xidmət edəcəklər. Amma həyatın dibindəki uşaqların belə bir lüksü yoxdur. Onların çoxu böyüyəndə pis vərdişləri olan və ətrafa da bu vərdişləri bulaşdıran potensial cinayətkarlara çevrilirlər" – deyə QHT sədri bildirib.
Türkiyədə yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova da qeyd edib ki, əgər dövlət özü üçün əlavə başağrısı istəmirsə, bu cür uşaqları himayəsinə götürərək onlara qayğı göstərməli, onları sağlam tərbiyə etməlidir. Türkiyədə həyatın dibindəki uşaqların sayının hədsiz dərəcədə çox olduğunu vurğulayan politoloq, onların cəmiyyət üçün ciddi təhlükə olduğunu deyib. Əlavə edib ki, Azərbaycan kiçik dövlətdir, əhalisi də Türkiyə ilə müqayisədə azdır. Odur ki, bu ölkənin öz azyaşlı sakinlərinə sahib çıxmaq imkanı var.
Dəyirmi Masanın digər iştirakçıları da dövlətin bu cür uşaqları öz himayəsinə götürməsinin vaxtının çatdığını qeyd ediblər.