Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq: "Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. 3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək. 31 nömrəli marşrut isə "İçərişəhər" metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək".
M.Ağayev deyib ki, təmir işləri bitdikdən sonra müntəzəm xətlərin hərəkət istiqaməti bərpa ediləcək: "Təmir işlərinin bitəcəyi tarix barədə dəqiq məlumata malik deyilik".