BAKI, 5 noyabr — Sputnik. Noyabrın 10-dan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.
Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadla xəbər verir ki, kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oksford Məktəbinə qədər olan hissəsində aparılacaq.
Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-ya verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.
İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.