Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. Bakıda iki sərnişin avtobusunun toqquşduğu yol qəzasının təfərrüatları məlum olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobusla 57 saylı avtobus toqquşub. Avtoqəza dayanacaqda baş verib: "Məlum olub ki, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı 57 saylı marşrut avtobusunun sərnişinləri olublar".
Qeyd edək ki, Bakının Nizami rayonunda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyən edilib. Bunlar 1998-ci il təvəllüdlü Hüseynli Nurtac Mirzəcan oğlu, 1977-ci il təvəllüdlü Seyfullayev Ramil Davud oğlu, 1968-ci il təvəllüdlü Xəlilov Vüqar Mövlan oğlu, 1963-cü il təvəllüdlü Vəsilə Məmmədova, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılova və 1978-ci il təvəllüdlü Xanım Qasımovadır. Onlardan Vüqar Xəlilovun vəziyyəti ağır olduğundan stasionar qaydada müalicə alır. Digər yaralılar isə artıq xəstəxanadan evə buraxılıb. Daha iki nəfərə də hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.