CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məni daha gözləmə - pensiyaya çıxmaq ümidimizi basdıran sadə riyaziyyat

© Sputnik / Elvin AhmadЖенщина у банкомата
Женщина у банкомата - Sputnik Azərbaycan
Abunə olmaq
"Hər dəfə minimum pensiya kapitalı tələbi dəyişəndə insanlar pensiya hüququndan yararlana bilmirlər. Bu, qısa müddətli dövrdə pensiyaya çıxmaq gözləntisində olanlara ciddi problem yaradır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Bu ilin oktyabr ayından Azərbaycanda minimum pensiya məbləği 200 manata çatdırılandan sonra minimum pensiya kapitalı tələbi də artıb. Pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı təxminən 6 min manata yaxın artıb.

Пачки азербайджанских манатов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
On manat həyatımızı dəyişməz: Rəqəmlər bir şeyi deyir, gözlərimiz başqa şey görür

Ekspertlər minimum pensiya kapitalı tələbinin artmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, minimum pensiya kapitalı gözlənilən orta pensiya dövrünə nisbətdə müəyyən edilir: "Hələlik gözlənilən orta pensiya dövrü sabit rəqəmdir – 12 il, yəni 144 aydır. Amma minimum pensiya məbləği daha tez-tez dəyişən rəqəmdir. Həmçinin illik indeksasiyanın nəzərə alındığı indikator hesab olunur. Bu baxımdan minimum pensiya məbləği hər dəfə dəyişəndə minimum pensiya kapitalının tələbi də dəyişəcək. Orta və uzun müddətli dövr üçün bu, problem yaratmır. Yəni 15-20 il sonra pensiyaya çıxanlar üçün pensiya kapitalı tələbinin dəyişməsi o qədər də problem yaratmır. Çünki onların əmək haqqından tutmalar da çoxalır və bu fonda onların pensiya kapitalı artır. Və hər il yığılmış pensiya kapitalının özü də istehlak qiymətləri indeksinə görə indeksləşdirilir, yəni üzərinə əlavələr gəlir".

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
Məni daha gözləmə - pensiyaya çıxmaq ümidimizi basdıran sadə riyaziyyat - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

O bildirib ki, amma minimum pensiya kapitalı tələbinin dəyişməsi qısa müddətli dövr üçün çox ciddi problem yaradır: "Bu ilin oktyabr ayının 1-dən etibarən Azərbaycanda minimum pensiya məbləği 200 manata çatdırılıb. Bu isə o deməkdir ki, oktyabr ayının 1-dən etibarən pensiya hüququ əldə edən şəxslər üçün minimum pensiya kapitalı tələbi təxminən 6 min manata yaxın fərq edib. Yəni əvvəl pensiyaya çıxmaq üçün 23 min manat minimum pensiya kapitalı olmalı idi. Amma yeni dəyişiklikdən sonra kəskin fərq yaranıb, minimum pensiya kapitalı tələbi 28 min 800 manat olub. Bu, hər dəfə baş verən haldır və pensiya sisteminə olan etibarlılığı aşağı salan məqamlardan biridir. Hər dəfə bu dəyişəndə insanlar pensiya hüququndan yararlana bilmirlər. Hər dəfə minimum pensiya kapitalı tələbi dəyişəndə bu, qısamüddətli dövrdə pensiyaya çıxmaq gözləntisində olanlara ciddi problem yaradır".

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kişilərlə qadınlar bu sahədə də bərabərləşirlər

Çıxış yolu olaraq ekspert deyib ki, ümumiyyətlə, pensiya sistemi uzun müddətli dövr üçün proqnozlaşdırıla bilən olmalıdır: "Qanunvericiliyə dəyişiklik ediləndə vəziyyətin pisləşməsinə aparan hallar heç bir halda qəbul edilməməlidir. Hətta "Əmək pensiyaları haqqında" qanuna fundamental dəyişiklik ediləndə ən azı 10 il intervalında (dəyişiklikdən 5 il əvvəl və 5 il sonra) bu hüquqları əldə edənlər üçün güzəştlər olmalıdır".

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a deyib ki, minimum pensiya kapitalının artması bir çox vətəndaşların pensiyaya çıxmasını əlçatmaz edir: "Hesablama qaydaları ilə bağlı, yığımların dərəcələrə bölünməsi ilə bağlı yeni yanaşmaya ehtiyac var. Məsələn, özəl sektorda çalışanlar ilə bağlı müəyyən dəyişiklik oldu, yəni gəlir vergisi ləğv olundu, amma Dövlət Sosial Müdafiə Fonduna ödənişlər artırıldı. İnsanlar bunu bir vergi növü kimi görməyə başladılar. Ümumilikdə təqaüd sisteminə yenidən baxmağa ciddi ehtiyac yaranıb. Minimum pensiya kapitalının artması və ümumiyyətlə, bu sahədə şərtlərin ağırlaşması pensiyaya çıxanlara həm yaş, həm də alacağı vəsait baxımından mənfi təsir edir".

"Fikrimcə, dövlət ancaq sosial təqaüd - əlillər, minimum əmək haqqı ilə dolananlar, əhalinin sosial cəhətdən aşağı təbəqəsi ilə məşğul olmalı, onlara təqaüdlərin təyin edilməsində mühüm rol oynamalıdır. Amma muzdla çalışanlar, fərdi sahibkarlıqla məşğul olanlar üçün isə seçim imkanları yaranmalıdır, yəni özəl təqaüd fondlarının təşkil edilməsinə başlanmalıdır. Bunun vasitəsilə minimum pensiya kapitalı, müqavilələr ilə bağlı özəl şirkətlər və vətəndaşlar arasında əlaqə yaranacaq, onların seçim imkanları olacaq", - deyə o bildirib.

Ekspert qeyd edib ki, özəl təqaüd fondları olsa, rəqabətli mühit yaranacaq: "Bu zaman vətəndaşa təklif edilən şərtləri onun özünün seçmək imkanları da olacaq. Məsələn, çox qazanan daha çox ödəmək istəyəcək, az qazanan daha az ödəmək istəyəcək və vətəndaş biləcək ki, bu, onun gələcək təqaüdünə birbaşa təsir göstərir. Çünki özəl təqaüd fondları həm də investisiya fondları kimi fəaliyyət göstərir. Bu, iqtisadiyyata müsbət təsir göstərə, onlar investorlara da çevrilə bilərlər. İnvestisiyalardan gələn gəlirlərdən hər bir təqaüd fondunun payçısına əlavə dividendlər də gələ bilər. Özəl təqaüd fondları dünyada çox geniş yayılıb və kifayət qədər effektlidir. Amma burada ciddi sığorta olmalı, dövlətin nəzarət mexanizmləri müəyyən edilməlidir. Rəqabətli mühit olsa, vətəndaşın seçim imkanları yaranar".

"Özəl təqaüd fondları olanda insanlara təklif olunan müqavilələrdə çoxçeşidlilik olur. Təqaüdə çıxanlar fondda yığılan vəsaiti birdəfəlik götürə bilərlər. Eyni zamanda yığılan vəsaiti vərəsəlik hüququndan istifadə edib kiməsə verə, investor kimi çıxış edə də bilərlər, yəni müxtəlif formalar var. Bu da vətəndaşları maraqlandırır və onlar özəl təqaüd fondlarına könüllü şəkildə daha çox vəsait köçürməyə çalışırlar. Amma ancaq dövlət bu işlə məşğul olanda vətəndaş o vəsaiti bir vergi yükü kimi görür. Halbuki bu, vergi yükü deyil, onun gələcək təminatı üçün qoyulan yatırımdır", - deyə o əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov da məsələyə münasibət bildirib: "Oktyabr ayından minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Belə ki, hazırda güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Əgər vətəndaş 25 il işləməyibsə və 28 min 800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Məni daha gözləmə - pensiyaya çıxmaq ümidimizi basdıran sadə riyaziyyat - Sputnik Azərbaycan
Vüqar Bayramov

Ekspert qeyd edib ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir: "İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manatı 144 aya vuranda 28 min 800 manat minimum kapital tələb olunur.

Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43 min 200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa, yalnız 43 min 200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər.

Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq".

Onun sözlərinə görə, Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur: "Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var. Buna görə də, təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda, yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır".

Xəbər lenti
0