İlham Əhmədov, Zarina Orucəliyeva
BAKI, 4 noyabr — Sputnik. Ağdaş rayonunun Məşhəd adlanan ərazisində bir ailə sözün həqiqi mənasında faciə yaşayır. Əsas "qəhrəman" isə 11 yaşı olmasına rəğmən fermada işlədildiyi, atalığı tərəfindən döyüldüyü, hətta qorxudan qəbristanlıqda gizləndiyi iddia olunan Poladdır.
Uşaq haqda məlumatı ilk olaraq hüquq müdafiəçisi Kəmalə Ağazadə paylaşıb. Onun məlumatına görə, Məşhəd kənd sakini, 46 yaşlı İsfəndiyar Musayev və 33 yaşlı Dürdanə İsmayılovanın ailəsində iki uşaq böyüyür. Uşaqlardan böyüyü, 11 yaşlı Polad ağır xəstədir və döyülməmək üçün tez-tez evdən qaçır.
Sputnik Azərbaycan həmin ailənin problemini araşdırıb. Evdən alınan ilk təəssürat normal insana şok yaşatmağa qadirdir: dağınıq, çirkli, səliqəsiz otaqlar, zibillə dolu həyət, boş evdə başını girləyən, başını yara basmış çarəsiz bir uşaq.
Valideynlər gələnədək qonşular ailənin durumunu anladırlar: Polad məktəbə getmir, xəstədir, ümumiyyətlə, ailənin durumu çətindir, uşaqlar yarıac-yarıtox, qonşuların göndərdiyi bir loxma çörəklə dolanırlar. Evdə nə qaz, nə su var. Qonşuların dediyinə görə, bir il əvvəl ailə Bərdəyə köçübmüş. Poladı da Ağdaş məktəbindən Bərdədəki məktəbə köçürüblər. Ancaq orada da Polad məktəbə getməyib. Atalığı uşağı təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb, balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də oradan başlayıb. Anası həkimə müraciət etdiyində: "mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki?" cavabını alıb. Bundan başqa, atalıq daim uşağa ögey olduğunu xatırladıb. Buna görə Polad dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib, ancaq onu tutub gətiriblər. Bu yaxınlarda ailə yenidən Ağdaşa qayıdıb, ancaq vəziyyət dəyişməyib: Polad yenə də məktəbə getmir, evdə bir yaşlı qardaşı Adəmə baxır.
Polad özü də suallara cavab verir, amma hiss olunur ki, nə deyəcəyi əvvəlcədən öyrədilib.
Özünü yetirən İsfəndiyar Musayev fəhlə işlədiyini, ancaq ailəni dolandırmağa gücü çatmadığını bildirir. Onun sözlərinə görə, Poladı müalicə etdirməməsi də elə maddi çətinliklə bağlıdır. "Bəs anası haradadır?" sualına isə atalığın cavabı "Bilmirəm" oldu. Uşağı döydüyü, fermada işlətdiyi barədə iddiaları da yalanladı. Onun fikrincə, bütün günahlar anadadır.
Polad özü Ağdaş rayonunda Nuru adlı həkimin onu müayinə etdiyini, ancaq öz cibindən pul verərək uşağı müalicə etməyəcəyini bildirdiyini danışdı.
Sputnik Azərbaycan Ağdaş rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə komissiya ilə əlaqə saxlayıb. Komissiyanın məsləhətçi-psixoloqu Elnur Həmidov bildirib ki, KİV-in müraciətindən sonra hadisə ilə bağlı araşdırmaya başlanılıb.
"Ailə uğursuzdur. Bu, İsmayılovanın, ən azı, üçüncü qeyri-rəsmi nikahıdır. Uşağı bir il əvvəl Bərdə məktəbinə köçürüblər. İndi həmin məktəbin hansı olduğunu aydınlaşdırmağa çalışırıq", - deyə E.Həmidov bildirib. Poladın müntəzəm olaraq döyüldüyünü öyrənən psixoloq problemlə ciddi məşğul olacaqlarını əlavə edib.
O, uşaqların tərbiyə müəssisələrindən birinə yerləşdiriləcəyini istisna etməyib.
Bu arada məmurlar bir neçə saatlıq axtarışlardan sonra uşaqların valideynləri ilə əlaqə saxlamağa müvəffəq olublar. Məlum olub ki, oktyabrın 10-da D.İsmayılova Poladın xəstəxanaya, Adəmin isə uşaq bağçasına yerləşdirilməsi üçün rayon İcra Hakimiyyətinə müraciət edib. 11 aylıq körpə uşaq bağçasına yazdırılıb.
Böyük uşağı isə indi qadın xəstəxanaya yerləşdirməkdən imtina edir. Qadın ailənin qaz, işıq və suya olan bütün borclarının silinməsini tələb edir. Yalnız bundan sonra uşağın müalicəsinə icazə verəcəyini deyən qadın müalicənin evdə aparılmasını da şərt qoyub. Ancaq yerli İcra Hakimiyyətinin büdcəsində bu cür xərclər nəzərdə tutulmadığından E.Həmidov öz hesabına Poladı Ağdaş xəstəxanasına aparmağı söz verib.
Uşağın müntəzəm olaraq atalığı tərəfindən döyülməsi faktına gəldikdə isə, bu iş artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir.