BAKI, 1 noyabr — Sputnik. Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində qazıntılar zamanı yaşı 11 min ildən çox olan məbəd aşkarlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məbəd ərazidəki ən qədim yaşayış məskənlərindən birinin xarabalıqları arasında tapılıb.
Məlumdur ki, Cənub-Şərqi Anadoluda qədim dövrlərdə də yaşayış olub. Burada müxtəlif dövrlərdə şumerlər, babililər, hitlər, assuriyalılar, romalılar, səlcuqlar, osmanlı türkləri yaşayıblar.
Onlar müxtəlif inanclara sahib olub. Ancaq hələ ki, yeni tapılan məbədin kim tərəfindən inşa edildiyi məlum deyil. Məlumatlara görə, məbəd haradasa 11300 il əvvəl tikilib. Bu da xristianlığın yaranmasından 9 min il əvvələ təsadüf edir.
Mütəxəssislər qazıntı zamanı dörd sütun aşkar ediblər. Bunlardan üçü əla vəziyyətdədir. Onların üzərində heç bir yazı və ya rəqəm olmayıb. Elm adamlarının bir aydan sonra təmələ çata biləcəyi təxmin edilir.