BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Aralıq dənizindəki fəaliyyətlərinə qarşı bir çox sanksiya tətbiq edən Qərb dövlətləri yeni bir ittifaq yaradıblar.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İsrailin ev sahibliyi ilə reallaşacaq "Mavi bayraq" təlimləri Türkiyənin bölgədəki fəaliyyətlərinə gözdağı vermək xüsusiyyəti də daşıyır.
ABŞ, İtaliya, Almaniya və Yunanıstan İsrailin ev sahibliyi edəcəyi təlimlərdə iştirak edəcək. 6 ölkənin birgə təlimləri bazar günü başlayacaq və 5 gün davam edəcək.
Aralıq dənizində Türkiyəyə qarşı yaradılan çoxlu ittifaqlara əlavə edilən "Mavi bayraq" ittifaqı bölgədə İsrailin söz haqqını artırma məqsədi güdür.
Təlimlərdə F-35-lər və təxminən 1000 İsrail əsgəri iştirak edəcək. İsrail Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, qabaqcıl texnologiya ilə müxtəlif təhdidlərə qarşı uçuşlar sınaqdan keçiriləcək.
İki ildən bir keçirilən "Mavi bayraq" təlimləri ilk dəfə 2017-ci ildə keçirilib. 2017-ci ildə təlimlərə qatılan Hindistan və Polşa 2019-cu ildəki təlimlərdə iştirak etməyəcək.
Qeyd edək ki, enerji ehtiyatları ilə zəngin olan və strateji baxımından mühüm yerdə yerləşən Aralıq dənizində söz sahibi olmaq üçün bölgə ölkələri yarışa giriblər.