İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. Noyabrın 15-dən etibarən avtomobillərin arxa-yan şüşələrinə jalüz tipli pərdələrin vurulmasına görə qadağa qüvvəyə minir.
Sputnik Azərbaycan xəbər verir ki, ölkə qanunvericiliyi ilə tənzimlənən bu məsələ sürücülər tərəfindən birmənalı şəkildə qarşılanmır. Ona qarşı çıxanların sayı kifayət qədərdir.
Yol-nəqliyyat məsələləri üztə ekspert Elməddin Muradlı bu məsələni Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, avtomobillərin arxa və arxa yan şüşələrinə plyonkaların vurulmasına mayın 1-dən noyabrın 15-ə qədər icazə verilmişdi. İki həftə sonra yenidən plyonkalara qadağanın tətbiqinə başlanacaq. Amma sürücülərin əksəriyyəti bu qadağadan narazıdır. Bəzi sürücülər avtomobilin arxa-yan şüşələrinə pərdə ilə yanaşı plyonka da vurublar. Hətta qabaq yan və qabaq alın şüşələrinə də plyonka vuranlar var. DYP bu cür hallara qarşı heç bir addım atmadığı üçün əksər sürücülərdə belə qənaət yaranıb ki, artıq qanunla plyonkadan istifadəyə icazə verilib. Halbuki qanunvericilikdə heç bir dəyişiklik edilməyib. Sadəcə, hər hansı bir cərimənin yazılmaması ilə bağlı şifahi göstəriş verilib. Sürücülərin əksəriyyəti də bu göstərişə güvənərək 30-200 manat pul xərcləyib avtomobillərinə plyonka vurublar.
E.Muradlı qeyd edib ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, avtomobildə sürücünün arxasındakı şüşələrin şəffaflığı sürücünün öz öhdəsinə buraxılır. Yəni, sürücü qabaq yan və qabaq alın şüşələrdən başqa istədiyi şüşəni tünd və ya şəffaf saxlaya bilər.
"Alın şüşəyə və ya qabaq yan şüşələrə plyonka vurulması, onların tündləşdirilməsi qadağandır. Bu, təhlükəsizlik baxımından da uyğun gəlmir. Biz dəfələrlə təklif etmişik ki, sözügedən 43 saylı qərar Azərbaycanda tətbiq edilsin. Bunun üçün bir çox əsaslar da var. Azərbaycan Konstitusiyası, "Yol hərəkəti haqqında qanun" və ötən il Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı" buna imkan verir. Həmin proqramda beynəlxalq qanunverciliyi nəzərdən keçirmək və Azərbaycanda tətbiqinə şərait yaratmaq məsələsi qeyd edilib. Biz də hesab edirik ki, belə bir mənasız qadağanı ləğv etmək lazımdır", - deyə ekspert bildirib.
Onun fikrincə, əks halda, yüz minlərlə insanın xərc çəkərək vurdurduğu plyonkalar sökülməlidir. Bu da yüz minlərlə insana maddi zərər vurmaq deməkdir. Muradlı hesab edir ki, Standartlaşdırma Komitəsinin verdiyi qərar ləğv olunmalı və "Yol hərəkəti haqqında" qanuna da dəyişiklik edilməlidir.
"Sürücülərə də xəbərdarlıq ediməlidir ki, arxa yan şüşələrlə bağlı məhdudiyyət aradan qaldırılır. Ancaq qabaq yan şüşələr və qabaq alın şüşələrə plyonka vuran hər bir sürücü cərimə edilməlidir. Çünki qabaq yan və alın şüşələrə vurulan plyonka bir çox qayda pozuntularının gizlədilməsinə səbəb ola bilər. Bura telefonla danışmaq, təhlükəsizilik kəmərinin taxılmaması və s. daxildir", - E.Muradlı əlavə edib.