BAKI, 1 noyabr — Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqları Əli və Mikayıl Ağalarovla birlikdə Moskvada Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Hüseynovun restoranına gedib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Hüseyn Hüseynov Instagram sosial şəbəkəsindəki səhifəsində məlumat verib. O, Leyla Əliyeva və balaca Ağalarovlarla çəkdirdiyi şəkli paylaşaraq "Sizi görməyimə çox şadam, Leyla xanım", yazıb. Həmin şəkildə keçmiş teleaparıcı Hacı Nuran da yer alıb.
Qeyd edək ki, bloger Moskvadakı restoranını bu yaxınlarda açıb və oranı tez-tez rusiyalı məşhurlar ziyarət edir.
Xatırladaq ki, Leyla Əliyeva dahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidəsinini açılışında iştirak etmək üçün Moskvaya gedib.
Hüseyn Həsənov Sankt-Peterburqda doğulub-böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir.
Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 6 milyon izləyicisi var.
O, bu yaxınlarda Moskva şəhərinin Mərkəzi İnzibati Dairəsində, Rusiyanın bir çox məşhur aktyor və musiqiçilərinin yaşadığı Arbat küçəsində 200 milyon rubl (5 milyon manatdan çox) qiyməti olan ev almaqla gündəmə gəlmişdi.