BAKI, 1 noyabr — Sputnik. Vaşinqton İrana qarşı sanksiyaları genişləndirərək siyahıya İslam Respublikasının tikinti sektorunu daxil edib, eləcə də nüvə və raket proqramlarında istifadə edilə biləcək materialların tədarükünə qadağa qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.
İranın tikinti sektoru ona görə sanksiyalar altına düşüb ki, Vaşinqtonun fikrincə, bu sektor "birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur". Bununla bağlı olaraq, emal olunmamış və ya yarı emal olunmuş metalların, qrafitin, kömürün və bu sahə üçün proqram təminatının İrana tədarükünə və ya ötürülməsinə qadağa qoyulur.
Bundan başqa, dörd növ materialın (polad boru növlərinin, folqanın və s.) tədarükü qadağa altına düşür. ABŞ-ın fikrincə, bu materiallar nüvə və ya raket proqramlarında istifadə oluna bilər.
Vaşinqton, həmçinin Rusiya, Çin və Avropa ölkələrinin İranın nüvə obyektlərində fəaliyyətini davam etdirməyə icazə verən istisnaların müddətini də uzadıb. Bu isə Tehrana bu obyektləri nüvə tədqiqatları üçün istifadə etməyə icazə verməyəcək.