BAKI, 1 noyabr — Sputnik. Rusiya "S-400" sistemlərinin bütün komponentlərinin Türkiyəyə tədarükünü təyin olunmuş vaxtdan əvvəl tamamlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın "Rosoboroneksport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.
Bir müddət öncə Türkiyənin Müdafiə naziri Hülusi Akar qeyd edib ki, Rusiya istehsalı olan "S-400" kompleksləri gələn ilin yazına qədər istismar üçün hazır vəziyyətə gətiriləcək.
"S-400" komplekslərinin Türkiyəyə tədarükü iyulun ortalarında başlayıb. Bu isə öz növbəsində Ankara və Vaşinqton arasındakı münasibətlərdə gərginliyə səbəb olub.
Türkiyə və Rusiya "S-400 Triumf" sistemlərinin tədarükünə dair sazişi 2017-ci ilin aprelində imzalayıblar. Bu saziş Rusiyanın NATO ölkələri ilə imzaladığı ən böyük ixrac müqaviləsi olub.
Sənədə əsasən, Rusiya Türkiyəyə 2,5 milyard dollar dəyərində dörd "S-400" divizionunu təhvil verib.