BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında kiçik tamaşa salonunun açılışı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edib.
Açılış münasibətilə görkəmli aktrisa, respublikanın Xalq artisti Lüdmila Duxovnayanın iştirakı ilə "Gecəki qadın" monotamaşası nümayiş olunub.
Tamaşadan öncə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski bildirdi ki, belə yığcam, tamaşaçı ilə aktyorun çox məhrəm ünsiyyətdə olduğu kiçik səhnəyə bütün teatrlarda ehtiyac var: "O ki qaldı tamaşaya, mən bu tamaşa üzərində zövq alaraq işlədim. Əminəm ki, seyrçilər də həm mətndən, həm də Lüdmila Semyonovnanın peşəkarlığı, istedadı və məsuliyyətini bir araya gətirərək yaratdığı Qadın obrazından zövq alacaqlar".
Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib: "Belə poetik tamaşadan sonra çıxış etmək, söz demək çətindir. Lüdmila xanımın gözəl və fərqli obrazlar yaratdığı bu tamaşanı yalnız "Hülya-həzrət Qadın" adlandırmaq olar. Yəqin bu gün mənim həm də çox mühüm və məsul tapşırığı yerinə yetirmək üçün burada olmağım da bir qanunauyğunluqdur. Yeni teatr-tamaşa məkanının açılışı, açılış günündə böyük və şərəfli yaradıcılıq yolu keçmiş və bu yolda uğurla davam edən görkəmli aktrisanın öz yubileyi münasibətilə monotamaşa oynadığı gündə ona Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif edildiyi "Şöhrət" ordenini təqdim edirəm".
Xalq artisti Lüdmila Duxovnaya əməyinə verilən bu yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.