CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənim böyük, azərbaycanlı tənhalığım - cəhənnəmə getmək üçün yoldaş gərək deyil

CC0 / Tirachard Kumtanom / girlSkamyada qız və oğlan , arxiv şəkli
Skamyada qız və oğlan , arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mentalitetimizin qəbul etmədiyi vəziyyət - avropasayağı nikahsız ailə modeli - klassik Azərbaycan ailəsini əvəz edə bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. "Ailə münasibətlərində ciddi dəyişikliklər baş verib. Artıq tənha, ailə qurmadan yaşamaq meylləri güclənir. Bu da müəyyən problemlər yaradır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı danışıb. O qeyd edib ki, hazırkı dünyada bütün bu problemlər insanların inanclarına öz təsirini göstərir. Azərbaycanda da son dövrlərdə gənclər arasında tənha yaşamağa, ailə həyatı qurmamağa olan meyllər güclənib. Artıq bir çox gənclərimiz ailə məsuliyyətlərindən qorxduqları üçün ailə qurmaqdan imtina edirlər.

Toy, arxiv şəkli - Sputnik Azərbaycan
Hələ belə şey olmamışdı: Rahibin səhvi gənclərə şok yaşatdı

Psixoloq Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tənha yaşamaq bu gün Azərbaycan gəncləri üçün məsuliyyət baxımdan çox əlverişlı hal kimi qəbul olunur: "Sosial şəbəkələrin bu məsələdə təsiri çox böyükdür. Sosial şəbəkələrdə gənclərə sərbəst və qayğısız həyat fəlsəfəsi təbliğ olunur və aşılanır. Bu hal gənclərin şüuraltına güclü təsir edir".

R.Hacıyevin fikrincə, gənclərin tənha yaşamasına və ailə qurmamasına əsas səbəb digər insana cavabdehlik və həyat məsuliyyətini öz üzərinə götürməmək hissidir. Digər insan dedikdə, buraya həyat yoldaşı, uşaq və digər qohumlar aiddir. Eyni zamanda maddi öhdəliklər (toy xərcləri, ev almaq, kommunal, istirahət, səhiyyə xərcləri, uşaq planlama və digər xərclər), hüquqi baxımdan olan məsuliyyət və sonradan boşanmaq məcburiyyəti yaranarsa, meydana çıxan öhdəliklər (əmlak bölgüsü, uşaq varsa, aliment məsrəfləri və sair) gənclərin ailə qurmasına mane olan səbəblərdir.

Psixoloq hesab edir ki, gənclərin tənhalığa üstünlük vermə səbəblərindən biri də ailə qurmadan daha asan həyat təcrübəsi əldə etmək həvəsidir.

"Nəticə o ola bilər ki, əsaslı Azərbaycan ailə modeli cəmiyyət arasında qəbul olunmayacaq. Bu əsaslı model ciddi dəyişikliklərə uğrayaraq başqa formada olacaq. Və klassik Azərbaycan ailəsində olan ailə və insani dəyərlər avropasayağı nikahsız ailə modeli ilə əvəz oluna bilər", - deyə psixoloq vurğulayıb.

Psixoloq hesab edir ki, son zamanlar xaricdə təhsil almaq fəlsəfəsi çox geniş təbliğ olunur və bu halda, təbii ki, heç bir gənc əsaslı ailə dəyərləri haqda düşünmür: "Çünki ölkədən xaricdə yaşayan zaman oranın həyat tərzini qəbul edir. Və əksər halda, bu yenə də nikahdankənar hər hansı bir əlaqə halı kimi həyata keçirilir. Filmlər, kliplər, sarı mətbuat bu kimi xəbərləri geniş şəkildə yaydığı zaman gənclərin fikirlərini yanlış istiqamətdə yönəldir, formalaşdırır və müəyyən məsələləri daha da dərinləşdirir və ağırlaşdırır".

Свадьба - Sputnik Azərbaycan
Təkcə qızların problemi deyil: 115 milyon oğlan erkən yaşda evləndirilib

Onun sözlərinə görə, bu gün çox yerdə avropasayağı ailə dəyərləri və nikahdankənar münasibətlər geniş formada təbliğ edilir.

Sosioloq Əhməd Mansurovun fikrincə, gənclərin tənhalığa meyl etməsinin bir neçə səbəbi var. Buraya iqtisadi, sosial, psixoloji səbəblər daxildir. Sosioloq hesab edir ki, evlilikdən imtina edənlər arasında təkcə kişilər deyil, qadınlar da var.

"Son zamanlar boşanmaların artması, sosial öhdəliklər, ailə qurmaq üçün tələb olunan şərtlər insanları ailə həyatı qurmaqdan çəkindirir. Eyni zamanda burada sosial şəbəkələrin də böyük rolu var. Artıq mənəvi dəyərlər ikinci plana keçib. Gənclərin sosial şəbəkələrlə alternativ tapmaq imkanları genişdir. Onlarda itirmək qorxusu yoxdur. Bu da münasibətlərin sadəcə flirt mərhələsi ilə yekunlaşması ilə nəticələnir", - deyə o bildirib.

Ə.Mansurov qeyd edib ki, gənclər məsuliyyət altına girib evlənməkdənsə, avropasayağı münasibətlərə üstünlük verirlər.

İlahiyyatçı Hacı Mircəfər Eyyubov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, evlilik bir ittifaqdır. Hətta hədislərə görə, evli insanların ibadəti evli olmayanların ibadəti ilə müqayisədə 70 dəfə çox savaba malikdir:

"Yəni evlinin namazı daha önəmlidir. Hədislərə görə, cəhənnəm əhlinin çox hissəsi evli olmayanlar olacaq. Bu gün cəmiyyətdə ən böyük fəsad, ən böyük cinayətlər məhz şəhvani münasibətlər zəminində olur. Dinimiz də ən çox bu məsələyə fikir yönəldir".

Gənclərin tənha yaşaması, ailə həyatı qurmağa meylli olmaması İslam dini tərəfindən müsbət qarşılanmır.

"Din vəhdət məsələsinə önəm verir. Ailə bir vəhdətdir. Hətta dinimizdə deyilir ki, boşanmaq halal da olsa, Allahın xoşlamadığı bir halaldır. Halaldır ona görə ki, İslam dini insanların çıxılmaz vəziyyətə düşməsini istəmir. Xoşagəlməzdir ona görə ki, boşanma zamanı bir ittifaq dağılır. Dünyada ən qəddar, ən qaniçən qatillərə ailədə böyüməyən insanlar arasında rast gəlinir. Çünki onlarda insanlıq, qarşılıqlı sevgi anlayışları olmur. Bu səbəbdən də ailə qurmaq dinimizin də vacib saydığı amillərdəndir", - deyə ilahiyyatçı bildirib.

Xəbər lenti
0