BAKI, 30 oktyabr — Sputnik. Qeyri-qanuni yolla varlanmaq istəyən daha bir adamın arzusu gözündə qalıb. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatı və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.