Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 30 oktyabr - Sputnik. "Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağa şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə sizə öz təşəkkürümü bildirmək istərdim".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, bu iclasın Bakıda keçirilməsi böyük şərəfdir: "Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək. Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəkdir. Fürsətdən istifadə edərək bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim".
"Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Sonda burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm", - Z.Həsənov vurğulayıb.