Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanda turizm operatorlarının turistləri aldatmasının qarşısını almaq üçün bir sıra addımlar atılacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının PR meneceri Orxan Bədəlov məlumat verib.
O bildirib ki, bu ilin sonuna kimi turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin reyestri aparılacaq: "Bundan öncə gəlmə və getmə turizmi ilə məşğul olan tur şirkətlər müəyyən ediləcək. Daha sonra onlar qruplara ayrılaraq göstərdikləri fəaliyyət sahəsinə görə reyestrə daxil ediləcək. Həmçinin, turizm şirkətləri ilə bağlı məsuliyyət sığortasının da tətbiqi üzərində iş aparılır. Bütün bunlar turizm sahəsində fırıldaqçılıq hallarının qarşısının alınmasına yönəlik addımlardır. Bütün bunlar turizm şirkətləri üzərində böyük məsuliyyət qoyacaq".
Qeyd edək ki, bu mövsüm turoperatorlar tərəfindən müştərilərin aldadılma hallarına daha çox rast gəlindi.