BAKI, 29 oktyabr — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya jurnalistlərə açıqlamasında deyib.
“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər nəzərdən keçiriləcək”, - deyə nazirliyin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, “2019-cu ildə hərbi əməkdaşlığın nəticələrinin ümumiləşdirilməsi, habelə MDB üzvü olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması planlaşdırılır”.
“Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək”, - Markovskaya belə deyib.
O, görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan müdafiə nazirliklərinin nümayəndə heyətlərinin iştirak edəcəyini də əlavə edib.