BAKI, 29 oktyabr — Sputnik. "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcək".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir.
"Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır. Əldə etdiyi nailiyyətlər onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - deyə İlham Əliyev vurğulayıb.