Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 29 oktyabr — Sputnik. Daha çox gəzmək - daha çox kəşf etmək, fərqli həyatları yaşamaqdır. Elə ölkələr var ki, əhalisi bizdən neçə minilliklər öncəki dövrdə, ibtidai icma quruluşunda yaşayır. Məsələn, bəzi Afrika xalqları kimi. Çətin də olsa, azərbaycanlı turist bu xalqların yaşayış tərzi ilə tanış olmaq üçün "Qara qitə"yə gedib çıxıb.
Yazıçı-psixoloq və fərdi inkişaf mövzularında təlimçi kimi tanınan Rövşən Abdullaoğlu təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb.
- Bu səfərlər sizə nə qazandırır?
- Bunlar mənim əsərlərim üçün bir mövzudur. Əsərlərimin qəhrəmanlarını da bu şəhərləri gəzərək tapıram. Məsələn, İrlandiyadan səfərdən qayıtdıqdan sonra "Abaddon" əsərini qələmə aldım. "Relslər üzərində uzanmış adam" əsərimin bir hissəsi Bosniya və Herseqovina haqdadır. Əsərdə 90-cı illərdə baş vermiş genosiddən bəhs edilir. İnformativliyi təmin etmək üçün orada olduğum müddətdə Srebrenitsa qətliamında iştirak etmiş şəxslərlə görüşüb onların təəssüratlarını öyrəndim.
Ümumiyyətlə, səfərdən qayıdandan sonra topladığım qeydlərlə bağlı nələr edəcəyimi, həmçinin səfər çərçivəsində məndə yaranan düşüncələri səsli olaraq qeydə alır, daha sonra isə hekayəni yazarkən bunlardan yararlanıram.
- Neçə ölkə gəzmisiniz?
- Bunadək təxminən 20-dək ölkəyə səfər etmişəm. Uzaq məsafəli səfərlərim ildə təxminən iki dəfə baş tutur. Çünki belə səfərlər çox büdcə tələb edir. Bunlardan biri bu ilin fevralında Afrikaya olmuşdu. 14-15 günlük bu səfər kifayət qədər büdcə tələb edirdi. Artıq bu səfərlə bağlı təəssüratlarımı özündə ehtiva edən bir roman üzərində işləyirəm. O, Afrika xalqlarının həyat tərzindən bəhs edir.
- Afrika xalqları ilə bağlı təəssüratlarınız çox maraqlıdır...
- Afrikaya sonuncu, yəni üçüncü səfərimdə orada ibtidai icma quruluşunda yaşayan qəbilələrlə tanış oldum. Təsəvvür edin, onlar hələ də ovladıqları heyvanların dərisini üzərlərinə atıb geyim kimi istifadə edirlər. Həyat tərzləri çox primitivdir. Ümumiyyətlə, su, qida, nəqliyyat problemləri var.
Demək olar ki, Afrikada rabitə də yoxdur. Belə bir yer sadəcə olaraq tədqiqatçı üçün maraqlı ola bilər. Bir turist rahatlıq axtarırsa, yaxud istirahət etmək istəyirsə, bura tamamilə uyğunsuz bir yerdir. Çünki burada nə gecələməyə şərait, nə də Avropada gördüyümüz əlçatanlıq var.
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə oteldə qalmaq mümkündür. Düzdür, bunlar 5 ulduzlu olmasalar da, gecələmək üçün uyğun hesab edilə bilər. Lakin Arba Minçə getdikdə orada qamış və taxtadan tikilən kiçik evlərdə qalmalı oldum. Adətən, bu cür yerlərin özünün mühafizə xidməti olur ki, kimsə hücum etməsin. Ona görə özümü Efiopiyaya çatdıra bilmədikdə gecəni ya maşında, ya da koteclərdə keçirməli olurdum.
- Fərqli, estetik təsir bağışlayan nə idi?
- Afrika xalqlarının musiqiləri çox gözəldir. Onların illik musiqi festivallarında iştirak etdim, dinlədiyim o səs eşitdiyim bütün musiqilərdən fərqli idi. Afrika xalqlarının milli musiqiləri bizim tanıdığımız musiqidən tamamilə seçilir. Burada müasir dövrün incəsənətinin təsirlərini görmək mümkün deyil. Onlar notları özlərinə xas formada ifa edirlər.
- Hər halda, bu görüş qəribə təəssüratlarsız ötüşməz...
- Məsələn, Afrika xalqlarının bu cür həyat tərzi ilə razılaşması, bunu qəbul etməsi, heç nədən narazı olmamaları çox qəribədir. Məncə, bunun da səbəbi onların alternativ görməmələri ilə əlaqədardır.
Adətən, biz belə bilirik ki, həddindən artıq problemi olanlar depressiyaya daha çox meylli olurlar. Bu cür adamlarda tükənmişlik sindromu daha aydın hiss olunur. Lakin Afrika xalqları mənim beynimdə olan bu düşüncələri məhv etdi.
Orada olduğum müddətdə getdiyim kəndlərdə hamının üzü gülür, pozitiv enerji ötürürdülər. Sanki bu insanlar gülmək üçün daxildən bir enerji tapırdılar. Hətta belə çətin şəraitdə böyüdülən uşaqlar da gülməyi bacarırdılar. Bu qənaətə gəldim ki, yaşam tərzi insanları sındırmaya da bilərmiş.
- Afrika səfərinə görə nə üçün məhz fevral ayını seçmişdiniz?
- Ümumiyyətlə, hansısa ölkəyə getmək üçün öncə səfər edəcəyim vaxtları seçirəm. Fevralda Afrikaya getməyimin səbəbi həmin vaxtlarda orada havanın az yağmurlu olması ilə əlaqədardır. Əks halda, hava şəraiti gəzintiyə mane olur.
- Bəs, ən qeyri-adi adət-ənənə nə idi?
- Mənim üçün ən qeyri-adi adət-ənənə Mursi tayfasına məxsus idi. Bu tayfanın qızlarının erkən yaşlarda alt dodaqları deşilir və oraya kiçik ölçülü bir taxta lövhə yerləşdirilir. Sanki sırğa qulaqdan asılan kimi bu taxta lövhə onların dodaqlarından asılır və zaman keçdikcə bu lövhələrin ölçüsü də böyüdülür. Artıq ailə həyatı qurmaq yaşına çatdıqda bu lövhənin ölçüsü kifayət qədər böyük, təxminən 25-30 santimetr olur. Alt dodağının diametri daha böyük olan qız ərə verilərkən onun başlıq pulu, yəni veriləcək mal-qaranın sayı daha çox olur. O lövhəni çıxartdıqda isə qızın alt dişləri görünür, dodaq isə boğazadək sallanmış olur. Bu cür qızlar saçını tamamilə qırxırlar. Onlar bunu gözəllik atributu hesab edirlər.
Amma bu heç də məcburi adət-ənənə deyil. Qədim dövrdən etibarən kişilərin belə bir adət-ənənəni formalaşdırmasında məqsəd o idi ki, qızları, qadınları basqın edən yadellilər üçün cazibədar görünməsinlər.
- "Kreativlik"də Afrika xalqlarına tay yoxdur, yəqin?
- Summa tayfasının içində oldum. Onların da özlərinə məxsus qəribə adətləri var idi. Belə ki, ildə bir dəfə bir neçə kəndin əhalisi bir əraziyə yığılır, çılpaq şəkildə meydana atılan kişilər bir-birlərini vururlar. Onların arasında ölən, yaralananlar da olur. Bu cür döyüşlərlə məhsuldarlığın artacağını düşünürlər. Çox şücaətli olan kişilər isə bu döyüşlərdə özlərinə qadın seçirlər.
Bundan başqa, Hamar tayfasının da qəribə adət-ənənəsi var. Bu adət-ənənəyə görə, öküz üzərindən tullanacaq həddi-buluğa çatmış 12-13 yaşlı oğlan üçün təşkil olunan dəbdəbəli mərasimdə qadınlar kişilər tərəfindən çomaqla döyülürlər. Bir neçə saat çəkən bu mərasimdə qadınların bədəni al qana bulanır. Bu qəribə mərasim ildə bir neçə dəfə keçirildiyi üçün onların yaraları qaysaq bağlayır və illərlə izi qalır. Bu adətin səbəbini öyrəndikdə isə mənə dedilər ki, illər keçir və bir vaxt gəlir ki, həmin oğlanın yaxını olan bu qadınlar yaralarını açıb göstərərək ondan imdad umurlar. Yəni bu yaralar qadınların öz sevgilərini göstərmək üçün bir silah rolunu oynayır.
- Afrika xalqlarının nə qədər dili var?
- Bəlkə də yüzdən artıq... Bu səbəbdən həmin xalqlar üçün vahid dərslik dili təsis etmək mümkünsüz olduğuna görə onlar yazı-pozunu bilmir, oxumağı bacarmırlar. Ümumiyyətlə, onların siyahıyaalınması da aparılmır.
- Məncə, belə uzaq səfər, özü də Afrikaya səyahət macərasız ötüşməz.
- Oraya getmək üçün bir neçə ay öncədən araşdırma edərək bələdçi tapmışdım. Biz harada görüşəcəyimizi təyin etmişdik. Lakin oraya çatanda bələdçi ilə əlaqə qura bilmədik. Ehtimal ki, o, rabitə olmayan bir yerdə idi. Amma başqa birisini öz əvəzinə bizə kömək üçün göndərmişdi. Onunla təxminən 2 saatadək aramızda narazılıq olsa da, sonradan razılığa gələ bildik.
- Maraqlıdır, orada necə qidalandınız?
- Özümüzlə qablaşdırılmış yeməklər aparmışdıq, ona görə elə də problem yaşamadıq.
- Bəs bu səyahət sizə neçəyə başa gəldi?
- Bu səfər mənə 7 min ABŞ dollarına başa gəldi.
- Antarktidaya nə zaman səfər etməyi planlaşdırırsınız?
- Noyabrın 29-da Antarktidaya səfər etməyi planlaşdırıram. Bunun üçün öncə Argentinanın ən cənub bölgəsi adlanan Uşuayaya da səfər edəcəyəm. Bu şəhərə bəzən dünyanın sonu da deyirlər. Oradan isə gəmi ilə Antarktidaya keçəcəyəm. Səfər çərçivəsində oradakı araşdırma mərkəzlərinə də baş çəkəcəyik. Bu səfərim təxminən 8-9 min ABŞ dollarına başa gələcək.
- Səfərdən öncə ora haqda hansı bilgiləri toplamısınız?
- Məsələn, Antarktidanın ekoloji sistemini qorumaq üçün ora yad cisimlərin aparılması qadağandır. Çünki orada zəif də olsa, bitki örtüyü olur və bu yad cisim oradakı mühitə xələl gətirə bilər. Bundan başqa, birdən-birə 100 nəfərdən artıq bir heyətin Antarktidaya daxil olması qadağandır. Təhlükəsizliyə və turistlərə nəzarət üçün bu, vacib şərtdir. Burada canlılara toxunmaq qadağandır. Orada yaşayan pinqvinlərə yaxınlaşmağa da icazə yoxdur. Əsas məsələ bu cür səfərlər üçün də zamanı düzgün müəyyənləşdirməkdir.
- Neçə gün orada qalmağı düşünürsünüz?
- 11 gün nəzərdə tutduğumuzdan qida ehtiyatımızı da özümüzlə aparacağıq. Amma geyimi bizə bələdçilər verəcəklər.