Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. Bakının Binəqədi rayonunda itkin düşən 11 yaşlı F.Hüseynov tapılaraq anasına verilib.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Binəqədi RPİ-nin 43-cü PB-nin iş üzrə məsul əməkdaşı Tural Əliyev məlumat verib. O bildirib ki, artıq uşaq anasının yanındadır. Onun internata qoyulması üçün sənədləri toplanıb.
Sputnik Azərbaycan-a danışan F. Hüseynovun anası Jalə Hüseynova isə bildirib ki, oğlunu internata qoymaq fikrindən daşınıb: "Artıq balam mənim yanımdadır. Oğlum ağıllıdır, mənim sözümə baxır. Söz verib ki, bir daha evdən qaçmayacaq. Ona görə də, onu internata qoymaq fikrindən daşındım".
J.Hüseynova oğlunun sabahdan etibarən təhsilini davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 1-də yaşayan, 2008-ci il təvəllüdlü F.Hüseynov oktyabrın 8-də anası ilə birgə qalmaqdan imtina etdiyi üçün evdən qaçmışdı.
Əməlləri ilə özlərinə cəza kəsdilər: Onlar uşaq sahibi ola biməyəcəklər>>
Onun valideynləri ayrıldığı üçün F.Hüseynov 10 yaşına qədər anasının yanında qalıb. Daha sonra atası ilə birgə yaşayan azyaşlı anası ilə birgə qalmaqdan imtina edib. F.Hüseynovun atası məhkum olunduqdan sonra o, yenidən anasının yanına qayıtsa da, tez-tez qaçaraq atasının dostları ilə birgə qalırmış.
J.Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında keçmiş həyat yoldaşının narkotik maddələrin alqı-satqısına görə azadlıqdan məhrum edildiyini bildirib. O deyib ki, keçmiş həyat yoldaşı tüfeyli həyat tərzi keçirdiyindən uşağı ondan və onun dostlarından mümkün qədər uzaq tutmağa çalışır.