BAKI, 28 oktyabr - Sputnik. 1886-cı il oktyabrın 28-də ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub.
Roma azadlıq ilahəsi olan Libertası təcəssüm etdirən heykəl Fransa xalqı adından ABŞ-a hədiyyə edilib. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəldə ayaq üstə dayanmış qadın təsvir olunub. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 1776-cı il 4 iyul tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutub.
Qırılmış zəncir onun ayağının üstünə sərilib. Tuncdan hazırlanmış heykəlin yerdən məşələ kimi hündürlüyü 93 metrdir.