Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi minik avtomobilləri üçün duracaqların təşkili işləri sürətləndirilib.
Agentliyin mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirib ki, cari həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil olunub. İşlər Bakı Nəqliyyat Agentliyi tərəfindən davamlı olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, taksilər üçün dayanacaq yerlərinin təşkili “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq aparılır: "Həmin qərarın 5.5. bəndində Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerlərinə dair tələblər öz əksini tapıb. Qeyd edilib ki, taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır. Taksi duracaq yerləri 5.14 yol nişanı və 1.17 nişanlanma xətti ilə işarələnməlidir.
Sərnişin tələbatının çox olduğu ərazilərdə taksi duracaqlarında pavilyon quraşdırıla bilər. Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır. Yol şəraitindən asılı olaraq, taksi minik avtomobillərinin səkiyə paralel və səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yaradıla bilər. Taksi minik avtomobillərinin səkiyə paralel durması nəzərdə tutulduğu taksi duracaq yerləri hər bir minik avtomobili üçün 6,0-7,5 metr uzunluğunda yer olması şərtilə təşkil olunmalıdır. Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər.
Belə taksi duracaq yerlərində yanaşı dayanan hər bir taksi minik avtomobili üçün 2,5x5 metr ölçülərdə yer nəzərdə tutulmalıdır. Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə duracağın adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar göstərilir.