BAKI, 25 oktyabr — Sputnik. Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O, qeyd edib ki, hazırda Babək prospekti şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsi çərçivəsində zavoda yüksək təzyiq altında (45 -50 Bar) işləyən 11 ədəd LPG (maye qaz) çənləri (bulletləri) gətirilir. , İtaliya/Rumıniya istehsalı olan bulletlərin çəkisi 300 tondan çoxdur, uzunluğu 30-60 metr arasında dəyişir. LPG bulletlərin beşi Azərbaycana çatıb, biri artıq NEZ istiqamətində aparılır. Bu gün səhər saatlarında birinci bulletin NEZ ərazisinə gətirildiyin üçün sıxlıq yaradıb.
SOCAR-dan bildiriblər ki, NEZ-in modernizasiyası ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaq. Modernizasiya işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır. Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir. Buna görə də modernizasiya layihəsi öz mürəkkəbliyi ilə seçilir. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı müddətdə görülməsi mümkündür.