BAKI, 25 oktyabr — Sputnik. Bu ilin doqquz ayında respublika ərazisində 1818 yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğınların 1327-si çoxmənzilli binalarda və fərdi evlərdə, 98-i açıq sahələrdə, 275-i nəqliyyat vasitələrində, 9-u meşə və meşə talalarında, 109-u isə digər yerlərdə baş verib. Hadisələr zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır. Xəsarət alanların sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 41 nəfər və ya 32 faiz çoxdur. Həmçinin qeyd edilib ki, hesabat dövründə respublika ərazisində 46 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 72 nəfər xəsarət alıb.
Rəsmi məlumata görə, 2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.
Nazirlik bəyan edib ki, hesabat dövründə respublika ərazisində 139 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. 2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 14053 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 601 hadisə və ya 5% çoxdur. Texnogen mənşəli hadisələr nəticəsində 58 nəfər həlak olmuş, 243 nəfər xəsarət alıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 18 nəfər və ya 24% azdır, xəsarət alanlar üzrə 76 nəfər və ya 46% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 897 nəfər təxliyə olunub.