Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə ərzaq məhsullarının qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz bahalaşıb.
Bəzi ərzaq məhsullarının bahalaşması ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə iki mövsümdə istehlak malları bahalaşır:
"Bizdə bayramlar da istehlak ilə bağlıdır. İyun ayında isə istehlak kəskin şəkildə aşağı düşür, qiymətlər ya sabitləşir, ya da ucuzlaşır. Burada geniş təhlillər aparılmalıdır. Bütün rəqəmlərdə görünür ki, istehlak artıb. İstehlak artırsa, qiymətlər aşağı düşməlidir, amma niyə qalxıb? Adətən dünya bazarlarında baş verən dəyişikliklər və yaxud gömrük rüsumlarının bahalaşması dünya üzrə istehlak qiymətlərinin qalxmasına təsir edir".
Onun sözlərinə görə, amma daxili istehsalda rəqəmlər göstərir ki, bütün parametrlər üzrə istehsal artıb: "Onda biz məcburən üçüncü amilə istinad etməliyik ki, burada süni qiymət artımı, monopoliya var. Bununla da aidiyyəti qurumlar məşğul olmalıdır. Bizdə birbaşa istehlak bazarına nəzarət edən qurum yoxdur. Ötən il dövlət başçısı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam verib. Bu il oktyabrın 23-də isə həmin qurum Prezidentin Sərəncamı ilə dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi. Amma bu, hələlik fəaliyyətə başlamayıb. Yəni bilavasitə istehlak bazarına nəzarət edən qurum olmadığına görə biz fərziyyələr irəli sürə bilərik".
O bildirib ki, Azərbaycanda yerli çəltik istehsalı illik təxminən 10 min ton civarındadır: "Bu da hələlik tələbatı tam ödəməyə imkan vermir. Real tələbatımız 50 min tonun üzərindədir. Bir sıra tədbirlər nəticəsində artıq bizdə çəltik sahələri min hektarı ötüb. Bu sahənin inkişafı üçün işlər görülür. Ölkədə illik 3 milyon ton buğda istehsal edirik. İldə təxminən 1 milyon 800 min ton, bəzən 2 milyon ton xaricdən ərzaq buğdası gətiririk. Biz hələ ki, ölkəni ərzaq buğdası ilə tam təmin edə bilmirik və idxaldan asılılıq faktoru var".
Onun sözlərinə görə, ölkə yumurta ilə özünü tam təmin edə bilir: "Amma bizim damazlıq problemimiz var, hələ ki damazlığı qura bilməmişik. Damazlıqların məhsuldarlığı çox olanda bazarda yumurta bolluğu yaranır. Damazlıq quşların məhsuldarlığı aşağı düşəndə onu məcburən kəsib emala göndərirlər və bu zaman fasilə yaranır. Bu da qiymətlərə təsir edir. Quşçuluqda damazlığın yaradılması son dərəcə vacib məsələdir".
Dünyanın bir nömrəli qidası: Qiymətlər nəzarətə götürülə bilərmi?>>
İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, artım dinamikasının olması bir faktdır: "Gündəlik tələbat mallarında, ərzaq məhsullarında qiymət artımını şərtləndirən müxtəlif səbəblər var. Birincisi, bazarda alıcılıq qabiliyyətinin nisbətən artmasıdır. İlin əvvəlindən etibarən müəyyən sosial paketlər çərçivəsində bazara əlavə pul kütləsi daxil olur. Əlavə pul kütləsi aztəminatlı şəxslər vasitəsilə bazara daxil olur. Gəlirlərin nisbətən artması onların bu istiqamətdə xərclərini artırıb. Bu xərclər də bazarda tələbi yüksəltməklə qiymətə təsir göstərir".
"Digər bir səbəb dünya bazarlarında bəzi məhsulların maya dəyərinin artması ilə bağlıdır. Bəzi məhsullar üzrə qiymətlərin artımı isə mövsümdən qaynaqlanır. İlin sonunadək qiymətlərin artması ehtimalı yüksəkdir. Çünki mövsüm dövrünün başa çatması xüsusilə bir sıra ərzaq məhsullarında qiymətin artımını şərtləndirəcək. Eyni zamanda unun qiymətində də artım gözləniləndir", - deyə ekspert əlavə edib.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin sentyabr ayında avqust ayına nisbətən suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.