Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr - Sputnik. "Bakı sammitində Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Mən son 3 ildə uğurlu sədrliyə görə Venesuela hökumətinə təşəkkür edirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici işlər nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.
Nazir xatırlarladıb ki, Qoşulmama Hərəkatı BMT-dən sonra əməkdaşlıq üçün iştirakçı ölkələrinin sayına görə dünyada ikinci qurumdur: “Azərbaycan hazırda Qoşulmama Hərəkatına daxil olan sonuncu ölkədir. Son 8 ildə Azərbaycan təşkilata üzv ölkələrin inamını qazanıb və indi isə quruma sədrlik edəcək”.
O vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir hərbi təşkilata üzv deyil.
Azərbaycan Xarici işlər naziri qeyd edib ki, rəsmi Bakının quruma sədrliyi dövründə quruma üzv ölkələrin gənclərinin əməkdaşlığına xüsusi önəm veriləcək:
“İlk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti keçiriləcək. Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf erməkdə olan ölkələrdir. Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində əməkdaşlığa da xüsusi önəm verəcəyik”.
Nazir xatırladıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı davam edir, bu isə ümumilikdə regional təhlükəsizliyə təhdiddir. O, həmçinin qeyd edib ki, münaqişə başlayandan hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində baş verib: "Bundan isə infrastruktur və dinc əhali ziyan çəkib. Nəticədə bir milyondan çox insan öz doğma torpaqlarını tərk etməli olub. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri üçün Qoşulmama Hərəkatına təşəkkür edirəm”.