Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 oktyabr — Sputnik. Bakı ətrafında elə qəsəbə və yaşayış massivləri var ki, yolları ucqar dağ kəndlərinin yollarından fərqlənmir. Bu problem ölkə başçısı İlham Əliyevin də diqqətini cəlb etdiyindən qəsəbədaxili yolların təmir olunması ilə bağlı Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən xüsusi tapşırıqlar verib.
Sputnik Azərbaycan Bakı ətrafında əhalinin sıx məskunlaşdığı bir neçə yaşayış massivində qəsəbədaxili yolların vəziyyətini öyrənib.
7-ci Binəqədi şosesinin ətrafında salınmış "Can Təpə" adlanan yaşayış massivinin sakinləri deyirlər ki, burada əhalinin sıx məskunlaşmasına 2000-ci ildən başlanılsa da, qəsəbənin əsas yolları asfaltlanmayıb.
Sakin İsmayıl Qarayev deyir ki, yaşayış massivinin bir hissəsi Abşeron, bir hissəsi isə Binəqədi rayonunun ərazisinə düşür: "Sözün açığı, burada yaşayan sakinlərin çoxu hələ də bilmir ki, hansı rayonun ərazisində yaşayır. Bircə bildiyimiz odur ki, haraya müraciət etsək də, yollarımızın vəziyyətinə baxan yoxdur. Sakinlər öz hesablarına bir neçə dəfə yollara daş töküblər. Amma yollarımızın əsaslı təmirə ehtiyacı var. Bu yaşayış massivinin yarıdan çoxunda məcburi köçkünlər məskunlaşıblar. Amma uşaqlar dərsə, camaat işə palçığa bata-bata gedib-gəlir. Yollarımız bərbad halda olduğundan buraya yeni avtobuslar da vermirlər. 142 saylı xətt üzrə sınıq-salxaq avtobuslar işləyir. Bir sözlə, dərdimizi kimə deyəcəyimizi bilmirik. Prezidentin tapşırığından sonra gəlib yollarımıza baxış keçiriblər. Deyilənə görə, təmir edəcəklər".
Yeni Masazır qəsəbəsi, General Akim Abbasov küçəsinin sakinləri də illərdir ki, palçığa bata-bata gedib-gəlirlər. Sakin Fəxriyyə Kazımova Sputnik Azərbaycan-ın əməkdaşına deyib ki, qəsəbənin daxili yollarına hər il sakinlər öz hesabına çınqıl tökürlər: "Əvvəllər avtomobillər palçığa batıb qalırdı. Yollara daş tökdüyümüzdən maşın qapıya qədər gəlib çıxa bilir. Amma qış gələn kimi günümüz qara olur. Üst-başımız palçıq olur. Yollarımız bərbad olduğundan qəsəbəyə normal avtobus da verilmir".
Yeni Masazır qəsəbəsi M.P.Vaqif küçəsinin sakinləri də palçıqlı yollarla gedib-gəlməkdən bezdiklərini söyləyirlər: "2000-ci ildən yollarımızın vəziyyəti belə dözülməz durumdadır. Ucqar dağ kəndlərinin yolları bizim qəsəbənin yollarından abaddır. Biz avtobus dayanacağına qədər iki ayaqqabı dəyişirik ki, şəhərə palçıqlı ayaqqabı ilə getməyək. Uşaqlar məktəbə çatana qədər üst-başları palçıq olur".
Səbail Bakının paytaxt rayonu olmasına baxmayaraq, bu rayonun da ərazisində yolları bərbad halda olan qəsəbələr var. Bayıl qəsəbəsinin daxili yolları bərbad vəziyyətdə olduğundan, sakinlər taksiyə minmək üçün əsas yola qədər piyada gəldiklərini söyləyirlər. Sakin İbrahim Abid deyir ki, yollar dağ kəndlərinin yolları kimi kələ-kötür, torpaq olduğundan taksi qəsəbənin məhəllələrindən olan sifarişləri qəbul etmir: "Xəstəmiz olanda biz gedib əsas yoldan artıq pul verib taksi gətiririk. Hər yerə 5 manata gedən taksi bizim qəsəbənin daxili yollarının bərbad vəziyyətdə olmasına görə 10 manat pul alır. Prezidentin tapşırığından sonra əl-ayağa düşüblər. Söz-söhbət var ki, yollarımızı asfaltlayacaqlar".
Yazını hazırlayarkən sakinlər redaksiyamıza zəng edərək artıq bəzi yollara çınqıl töküldüyünü söyləyiblər. "Can Təpə" adlanan massivdə yaşayan sakinlər 142 saylı avtobusun hərəkət etdiyi əsas yola artıq çınqıl töküldüyünü, aidiyyatı qurumun yolu asfaltlamağa başladığını söyləyiblər. M.P.Vaqif küçəsinə isə yarıya qədər çınqıl tökülüb. Sakinlər yola yarıya qədər daş tökülməsindən narazılıqlarını ifadə ediblər.