Sputnik Azərbaycan UEFA AVRO-2020/Bakı-nın milli informasiya operatoru təsdiq olunub. Tarixdə ilk dəfə olaraq futbol üzrə Avropa çempionatı qitənin 12 şəhərində keçiriləcək. Dörd oyun: qrup mərhələsinin üç görüşü və dörddəbir final matçı Bakıdakı stadionda olacaq.
Əsas informasiya meydançası euro2020.az ünvanında yerləşən xüsusi layihə olacaq. Bu ünvanda futbol üzrə UEFA Avropa çempionatına həsr olunmuş ən aktual və operativ informasiya yerləşdiriləcək.
Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq yerli KİV futbol üzrə Avropa çempionatının əsas mətn mənbəyi kimi çıxış edəcək. Sputnik Azərbaycan "Rossiya Segodnya" BİA-nın tərkibinə daxildir. "Rossiya Segodnya" BİA-nın 2013-cü ildə Kazanda keçirilmiş XXVII Ümumdünya Yay Universiadasının, həmçinin 2014-cü ildə Soçidə baş tutmuş Olimpiadanın və Paralimpiya oyunlarının, 2015-ci ildə Kazanda keçirilən Su idman növləri üzrə dünya çempionatının, 2019-cu il sentyabrında Yekaterinburqda baş tutmuş kişilər arasında boks üzrə 20-ci dünya çempionatının host agentliyi kimi uğurlu fəaliyyət təcrübəsi var. Sözügedən agentlik oktyabrın 3-dən 13-dək Ulan-Udedə keçirilən qadınlar arasında boks üzrə dünya çempionatının host agentliyi və fotopulu, UEFA AVRO-2020/Sankt-Peterburqun milli informasiya operatorudur.
"Sankt-Peterburqdan sonra Bakıda da AVRO-2020-nin milli informasiya operatoru olmaq hüququnu əldə etmək bizim üçün bizim üçün böyük şərəfdir və biz UEFA-ya etimada görə təşəkkür edirik, biz qarşıya qoyulmuş vəzifəyə məsuliyyətlə yanaşacağıq və əminəm ki, öhdəsindən gələcəyik", - "Rossiya Segodnya" BİA-nın icraçı direktoru Vasili Konov bəyan edib.
Sputnik onlarla ölkədə çoxfunksiyalı redaksiya mərkəzləri olan informasiya agentliyi və radiodur. Sputnik-in missiyası dünyadakı hadisələrin operativ və balanslı işıqlandırılması, auditoriyaya mühüm hadisələrə olan müxtəlif baxışlar barədə məlumat verilməsi. Sputnik-ə 30-dan artıq dildə saytlar, multimedia mərkəzləri, analoq və rəqəmsal radioyayım, sosial şəbəkələrdə mobil tətbiqlər və səhifələr daxildir.