BAKI, 21 oktyabr — Sputnik. 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1369,0 milyon manat vəsait ayrılıb. Bu da 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.
2020-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 1,0 faiz-bənd çoxdur.
2020-ci ildə səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 1124,1 milyon manatı məqsədli proqram və xidmətlər üzrə müvafiq tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək.
Sənədə əsasən, 2020-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3244,6 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 770,5 milyon manat və ya 31,1 faiz çoxdur.
Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,1 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz-bənd çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 3,9 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz-bənd çoxdur.
2020-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1426,9 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir ki, bu da 2019-cu illə müqayisədə 74,2 milyon manat və ya 5,5 faiz çoxdur.