CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç ilə bişən çörək və ya strateji məhsul necə yaranır?

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidУборка урожая зерновых, фото из архива
Уборка урожая зерновых, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli stansiya alimləri hibridləşmə, növdaxili birləşmə nəticəsində sortlar yaradırlar. Hansı sortu inkişaf etdirmək lazımdırsa, həmin istiqamətdə iş aparılır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Kənd təsərrüfatının inkişafı elmi tədqiqatlara söykənir. Torpaqlardan səmərəli istifadə etmək, bol məhsul toplamaq üçün sort toxumların yetişdirilməsi ən vacib məsələdir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində bir neçə seleksiya stansiyası fəaliyyət göstərir ki, onlardan biri də Əkinçilik Elmi Tədqiqat İnstitutunun Tərtər bölgə stansiyasıdır. Sputnik Azərbaycan-ın bölgə müxbiri adıçəkilən müəsissədə olaraq, görülən işlərlə maraqlanıb.

Kombayn taxıl yığır, arxiv şəkli - Sputnik Azərbaycan
Dünyanın bir nömrəli qidası: Qiymətlər nəzarətə götürülə bilərmi?

Stansiyanın becərmə texnologiyası şöbəsinin müdiri Bəhruz Nəzərov bizimlə söhbətində bildirir ki, çalışdığı müəssisə 1925-ci ildə yaradılmış Gəncə Seleksiya Stansiyasının nəzdində 1933-cü ildən fəaliyyətə başlayıb. 1950-ci ildən isə təcrübə stansiyası Əkinçilik İnstitutunun tabeçiliyinə verilib. Stansiyada tanınmış seleksiyaçı alim və mütəxəssislər çalışmışlar ki, onlardan da biri məşhur Vsevolod Qromaçevski olub. Əkinçilik İnstitutunda formalaşdırılmış intellektual bazanın ənənələri bu gün də davam etdirilir. Burada uğurlu seleksiya işləri həyata keçirilir.

Aqrar sahə üzrə alimlər həmişə stansiya ilə əlaqə saxlayıb, tövsiyələr verirlər. "Əkinçilik İnstitutunun alimləri mütəmadi olaraq mərkəzimizdə olur, bizimlə birgə fəaliyyət göstərirlər. Səpin işlərində iştirak edirlər. Yeni yaranmış sortların əkilməsi, yoxlanılması, daha sonra dövlət komissiyasına verilməsinə qədər bütün proseslər burada aparılır", - deyə Bəhruz Nəzərov bildirib.

Qırx milyondan artıq uşaq aclıqdan əziyyət çəkir - Nə etməli?>>

Sort toxumlar iqlim, suvarma şəraitindən asılı olaraq yetişdirilir. Bunun üçün bir sıra bölgələrdə təcrübə stansiyaları fəaliyyət göstərir. Tərtərdəki stansiyanın təyinatı məhz budur.

"Bizdə başqa stansiyalardan fərqli olaraq yetişdirilən toxumlar suvarılan əkinlər üçün nəzərdə tutulub. Torpaqlarımızı suvarmaq mümkün olduğu üçün təcrübə stansiyasında selləmə su ilə yetişdirilən yeni toxum sortları əkilir. Ümimilikdə, Tərtər təcrübə stansiyası üç şöbədən ibarətdir: seleksiya, becərmə texnologiyaları və toxumçuluq. İlkin nümunələrimiz seleksiya şöbəsində alınır. Burada da üç yarımşöbə fəaliyyət göstərir: yumşaq buğdalar, bərk buğdalar və arpalar. Ümumilikdə üç bitki üzərində təcrübə aparılır", - deyə Bəhruz Nəzərov stansiyanın fəaliyyəti barədə məlumat verib.

Əkinçilik İnstitutunda çalışan alimlərin dəstəyi sayəsində yerli stansiya alimləri hibridləşmə, növdaxili birləşmə nəticəsində sortlar yaradırlar. Hansı sortu inkişaf etdirmək lazımdırsa, həmin istiqamətdə iş aparılır. Elmi işçi Bəhruz Nəzərov sortların təkmilləşdirilməsinin əsas metodunun seleksiya olduğunu bildirib.

Aqrokimya laboratoriyası, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Torpağınızın nələrə qadir olmasını bilmək istəyirsinizsə, 65 manat ödəyin

"Hansı sortu müəyyən etmək bizə maraqlıdırsa, üzərində iş aparırıq. Valideyn formalarını təyin edən zaman əsasən bir neçə amili nəzərə almalı oluruq - xəstəliklərə davamlılıq, hündür boylu olmaması (çünki suvarma bölgəsində hündür boyluluq o qədər də effektli olmur). Bitkilərin keyfiyyət və məhsuldarlığına diqqət yetirilir. Fermerlər üçün də ən ümdə məsələ toxumun məhsuldar olmasıdır. Müasir dünyamızda keyfiyyət amili bir çox hallarda ikinci plana keçdiyi halda, bizim nəzərimizdə keyfiyyət birincidir. Odur ki, çalışırıq, məhsuldarlıqla yanaşı, keyfiyyəti də diqqət mərkəzində saxlayaq.

Aldığımız sortlar seleksiya şöbəsində sınaqdan keçirilir. Bu proses əl səpinləri ilə başlayır. Orada kolleksiya pitomniki, hibrid pitomniki, seleksiya pitomniki bölmələrində nümunələr yoxlanılır. Əsasən vizual görünüşü ilə seçilmiş dən keyfiyyət analizlərinə əsasən nümunə olaraq daha yuxarı pitomnikdə becərilir. Seçdiyimiz nümunələr gələcək seleksiya tədqiqatlarında birinci pitomnikdə yoxlanılır, üstünlük almış nümunələr ikinci pitomnikə keçirilir. Daha sonra isə müsabiqəli sort sınağına təqdim olunur. Bu proses 3 il boyunca aparılır. Bu nümunələr seleksiyaçı alim, tədqiqatçı üçün qarşıya qoyulan məqsədə uyğun olaraq artırma pitomnikinə keçirilir. Burada da bir neçə il yoxlanılır. Toxum bizi qane edirsə, sort kimi təsdiqini tapıbsa, rayonlaşdırma baxımından üstün nəticələrə malikdirsə, dövlət komissiyasına göndəririk. Nazirliyin aqrar xidmət bölməsi təkrar təqdim etdiyimiz sort nümunələrini yoxlayır. Əgər rəqəmlər üst-üstə düşürsə, yeni sort kimi rayonlaşdırıb, sertifikat verirlər", - deyə elmi işçi toxum yetişdirmənin sirlərini açır.

Hamilələrdə qanazlığı problemini həll etmək üçün ən ucuz üsul təklif edildi>>

Tərtər bölgə təcrübə stansiyası Tərtər rayonu da daxil olmaqla Bərdə, Ağdam, Ağcabədi, Yevlax rayonlarının ərazisində fəaliyyət göstərən fermerləri sort toxumlarla təmin edir. B.Nəzərovun bildirdiyinə görə, fermerlərə toxum güzəştli şərtlərlə verilir. Fermerlərlə vaxtaşırı maarifləndirmə tədbirləri keçirməklə onların əkinçilik mədəniyyətinin yüksəldilməsinə dəstək olurlar.

Sonda onu da qeyd edək ki, Tərtər bölgə təcrübə stansiyasının maddi-texniki bazasının yenilənməsi işlərinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi layihəyə uyğun olaraq təcrübə stansiyasına yeni bina inşa olunur.

Ümid edək ki, Tərtər bölgə təcrübə stansiyası bundan sonra da fermerlərin arzusuna uyğun olaraq məhsuldarlığın artırılmasına töhfəsini verəcək. Bununla da təknələrimizdə çörəyimiz bol olacaq.

Xəbər lenti
0