CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əzəməti ilə görənləri heyran edən bina: Repressiya ondan da yan keçməyib

© Sputnik / Musa MuradliTərtərin Zolgərən kəndindəki Nəcəf bəy Vəzirovun nəslindən oluş Abbas bəyə məxsus ev
Tərtərin Zolgərən kəndindəki Nəcəf bəy Vəzirovun nəslindən oluş Abbas bəyə məxsus ev - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi məlumatlara görə, bina nəzərdə tutulduğu layihə üzrə tam başa çatdırılmayıb. Bəyin evi ehtimal edildiyinə görə, indikindən də hündür olmalıymış

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Tərtər rayonunun Zolgərən kəndindəki geniş, yaraşıqlı, qədim tarixi olan qırmızı bina görənləri heyran edir. Bina Qarabağın məşhur bəylərindən sayılan, Azərbaycanın görkəmli yazıçısı Nəcəf bəy Vəzirov nəslinin nümayəndəsi Abbas bəyə məxsus olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri binanın tarixi ilə maraqlanıb.

Beşbarmaq dağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Zolgərən kənd sakini, Tərtər Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübəçilik stansiyasının müdiri Həqiqət xanım Həşimova bildirir ki, Abbas bəyin bir neçə yerdə mülkü olub: “Onun qızı Həcər xanım danışırdı ki, Abbas bəy qalalı (şuşalı – red.) olub. Şuşanın Çuxurməhlə deyilən yerdə evləri var imiş. Şuşanın işğalından əvvəl uşaqlığımda özüm də Abbas bəyin qardaşı Nüsrət bəyin Çuxurməhlədəki evində olmuşam. Bu ev həm qalaya, həm də Cıdır düzünə yaxın yerdə idi. Onu da deyim ki, Abbas bəy Nəcəf bəy Vəzirovun əmisi oğludur”.

Həqiqət xanım Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” əsəri əsasında Azərbaycan teatrında yaradılan “Qıdı kirvə” obrazının Vəzirovlar nəslinə aid bəylərlə bağlılığı haqqında da danışıb: “Abbas bəyin qızı Həcər xanım danışırdı ki, o vaxt dağ yerlərində əkinə yararlı yer az olduğuna görə ermənilər gəlib, bəylərin torpağında əkin-biçin işləri ilə məşğul olarmışlar. Qışlıq azuqələrini əldə edəndən sonra evlərinə qayıdarmışlar. “Qıdı kirvə” obrazı da onlardan götürülüb. Tamaşadakı Əşrəf bəy Abbas bəyin eşik ağası imiş. Buradakı Əşrəf bəy onun şərti adıdır. Ancaq real həyatda həmin adamın adı İsmayıl bəy olub. Həcər xanım söyləyirdi ki, İsmayıl bəy ailənin etimadına layiq olduğuna görə atası Abbas bəy ona bəylik və kənd veribmiş. Tərtərin İsmayılbəyli kəndinin adı da həmin İsmayıl bəyin adı ilə bağlıdır”.

© Sputnik / Musa MuradliBu mülkü Abbas bəy bir ətək qızıla alıb
Əzəməti ilə görənləri heyran edən bina: Repressiya ondan da yan keçməyib - Sputnik Azərbaycan
Bu mülkü Abbas bəy bir ətək qızıla alıb

“O deyirdi ki, atası Abbas bəy bu evi bir ətək qızıla alıbmış. Torpağı, suyu çox xoşuna gəlib. Tərtər çayının qırağı səfalı yer olduğuna görə buranı bəyənib. Torpağının məhsuldar, bərəkətli olması səbəbindən burada özünə mülk yaradıb. Evin tikintisi zamanı Abbas bəy deyirmiş ki, hündür tikdirib, yuxarısına durbin qoyub, Şuşadakı qardaşımın evinə baxacam. Kəndin adı da belə yaranıb. Zolgörən sözündəndir. Zol-zolaq mənasındadır. Yəni, zolaq boyunca baxanda görmək deməkdir. Həcər xanım Sovet hökumətinin bəylərə qarşı təqibindən yaxa qurtarmaq üçün qorxudan binanın mülkiyyət şəhadətnaməsini yandırdıqlarını deyirdi. Yandırmasaydılar, yəqin ki, müstəqillikdən sonra Abbas bəyin nəslindın olanlar mülkə sahiblik hüquqlarını bərpa edə bilərmişlər” – deyə Həqiqət xanım nəql edir.

Sovet İttifaqının qurulması ilə başlayan sinfi mübarizə bütün bəylər kimi Vəzirovlar nəslinin də taleyinə fəlakət illəri kimi daxil olub. “Mircəfər Bağırovun birinci katib olduğu vaxt Abbas bəyin ailəsi də repressiyaya məruz qalıb. Həmin illər Həcər xanım, mənim nənəm təqiblərdən yayınmaq üçün Bakıda gizlənirmişlər. Bəyzadə, zadəgan ailələrinin hamısı üçün dəhşətli illəriymiş, repressiya olunurmuşlar. Nənəm soyadını dəyişərək Əli Bayramov adına kluba yazılıb. Həcər xanım da soyadını dəyişərək, başqa soyad daşımalı olub. Özlərini qorumaq üçün məşhur bəy nəslindən olduqlarını gizlətmək istəyirmişlər. Vəzirovlar da həmin dəhşətli illərdə amansız tale yaşamalı olublar. Kimisi sürgün olunub, kimisi İrana, Türkiyəyə qaçmaq məcburiyyətində qalıb, kimisi də sui-qəsd nəticəsində öldürülüb” – deyə həmsöhbətimiz bildirir.

© Sputnik / Musa MuradliTərtərin Zolgərən kəndindəki Nəcəf bəy Vəzirovun nəslindən oluş Abbas bəyə məxsus ev
Əzəməti ilə görənləri heyran edən bina: Repressiya ondan da yan keçməyib - Sputnik Azərbaycan
Tərtərin Zolgərən kəndindəki Nəcəf bəy Vəzirovun nəslindən oluş Abbas bəyə məxsus ev

Bəzi məlumatlara görə, bina nəzərdə tutulduğu layihə üzrə tam başa çatdırılmayıb. Bəyin evi ehtimal edildiyinə görə, indikindən də hündür olmalıymış. Amma Həqiqət xanımın fikrincə, tikili elə bu hündürlükdə layihələndirilib və başa çatdırılıb.

Abbas bəyin əzəmətli mülkü haqqında danışan Həqiqət xanım binanın XIX əsrin ortalarında inşa olunduğunu deyir. İkinci dünya müharibəsi  illərində arxa cəbhənin taxıl tədarükünü artırmaq məqsədilə SSRİ rəhbərliyindən gəlmiş rus mütəxəssislər bəy evindən toxumçuluq bazasının inzibati binası kimi istifadə ediblər. Ondan sonra da binanın istifadə təyinatı bu məqsədə xidmət edib. 

Söhbət zamanı Həqiqət xanım Həşimovan özünün də Vəzirovlar nəsli ilə bağlılığının olduğunu bildirib: “Mənim nənəmlə Həcər xanım dayıqızı- bibiqızıdır. Nənəm Səfəralı bəyin qızı olub. Həcər xanımla bir yerdə böyüyüblər. Bəy ailələri həmişə bir-birinin qayğısına qalırmışlar. Ailə başçısı olan bəy dünyasını dəyişəndə, əmisi oğlu, dayısı oğlu, yaxud da qohum olan digər bəy onun ailəsini himayəsinə götürürmüş. Məqsəd də rəiyyətdən kimsə onun ailəsinə sataşar, bəyliyin adına ləkə olar, deyə həmin ailəni qorumaq imiş”.

© Sputnik / Musa Muradli İkinci dünya müharibəsi illərində rus mütəxəsislər bəy evinin toxumçuluq bazasının inzibati binası kimi istifadə ediblər
Əzəməti ilə görənləri heyran edən bina: Repressiya ondan da yan keçməyib - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi illərində rus mütəxəsislər bəy evinin toxumçuluq bazasının inzibati binası kimi istifadə ediblər

“Abbas bəy də Səfəralı bəy də, Nüsrət bəy də olduqca səxavətli olublar. Novruz bayramı ərəfəsində yetimlərin, dul qadınların evinə hədiyyələr göndərirmişlər. Həmin evlərə paltarlıq parça, düyü, yağ ayırıb, paylayırmışlar. Həyət qapısından xeyli aralıda düyü, yağ dolu küpələr qoyarmışlar ki, ehtiyacı olanlar aparsınlar. Küpələri də ona görə aralıda qoyarmışlar ki, ehtiyacı olanlar utanıb-çəkinməsin, heç kim görmədən götürüb gedə bilsin. Yəni, bu xeyirxahlıqdan hansısa təmənna güdülməzmiş. Şəriətdə deyildiyi “sağ əlin verdiyini, sol əl bilməməlidir” prinsipi ilə xeyriyyəçilik edərlərmiş” – deyə Həqiqət xanım bildirir.

Qeyd edək ki, Tərtər Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər bölgə təcrübəçilik stansiyasının inzibati binası üçün tikinti işlərinə başlanıb. Müəssisənin indiyə qədər yerləşdiyi binanı isə sökmək istəyirmişlər. Həqiqət xanım deyir ki, binanın tarixi əhəmiyyət daşıyan mədəni irs nümunəsi olduğu barədə izahat veriləndən sonra Abbas bəyin tikdirdiyi evin restavrasiyası haqqında qərar çıxarılıb. Restavrasiya işlərini Kənd Təsərrüfatı Nazirliyi ilə Mədəniyyət Nazirliyi birgə aparacaq.

Xəbər lenti
0