Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə konserti keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni tədbirdən əldə edilən bütün gəliri - 818 min rublu "Rodnik" uşaq evinə, "Detskoye serdse" Kuszbass fonduna və Vlad Tsıqanova verib.
Bu barədə E.Ağalarov Instagram-dakı səhifəsində yazıb.
"Biz Kemerovoda xeyriyyə konserti verdik. Bir daha bütün tamaşaçılarımıza təşəkkür etmək istəyirəm. Sizin emosiyalarınız, təbəssümünüz, dəstəyiniz bizə çox xoş oldu. Dostlar, biz birlikdə 818 min rubl vəsait toplaya bildik. Bu məbləğ "Rodnik" uşaq evinə, "Detskoye serdse" Kuszbass fonduna və Vlad Tsıqanova yönəldiləcək", - Emin qeyd edib.
Müğənni həmçinin Kemerovodakı "Zimnyaya Vişnya" ticarət mərkəzində 2018-ci il martın 25-də həlak olanların xatirəsinə salınmış Mələklər Parkına baş çəkib, zərərçəkən ailələrlə görüşüb.
"Ötən il biz dostlarımızla 17 milyon rubldan çox vəsait toplaya bilmişdik və bu pulların haraya sərf olunması barədə hesabatı siz Müslüm Maqomayev Fondunun saytında əldə edə bilərsiniz. Bizi qəbul etdiyinə görə Kemerovo vilayətinin qubernatoru Sergey Yevgenyeviç Tsivilyova da xüsusi minnətdarlığımı bildirirəm", - Ağalarov vurğulayıb.