BAKI, 18 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla danışdığını açıqlayıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Tramp Ərdoğanın Suriyada hərbi əməliyyatları dayandıracağı barədə verdiyi sözü tutacağını deyib.
"Elə indicə Türkiyə Prezidenti Ərdoğanla danışdım. O mənə dedi ki, orada xırda snayper və minomyotdan atəş halı olub və tez bir zamanda dəf edilib. O çox istəyir ki, atəşin dayandırılması bəhrəsini versin. Analoji olaraq kürdlər də bunun son qərar olaraq baş verməsini istəyirlər", - deyə Tramp Twitter-də yazıb.
Just spoke to President @RTErdogan of Turkey. He told me there was minor sniper and mortar fire that was quickly eliminated. He very much wants the ceasefire, or pause, to work. Likewise, the Kurds want it, and the ultimate solution, to happen. Too bad there wasn’t.....
— Donald J. Trump (@realDonaldTrump) October 18, 2019
"Hər iki tərəfin məramı xoşdur və uğur əldə etmək şansı var", - Tramp əlavə edib.
Cümə axşamı ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.