Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 17-də Qusar rayonunda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən görülən mühüm işlərdən danışıb, ölkəmizin sosial-iqtisadi həyatında qadın sahibkarların rolunun böyük olduğunu söyləyib. Bildirilib ki, resurs mərkəzləri qadınların biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən danışıb, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq çərçivəsində görülən işləri diqqətə çatdırıb. Əminliklə bildirib ki, Qusar rayonunda açılan Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək.
Hicran Hüseynova qeyd edib ki, ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına start verilib. Altı mindən çox qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına qrant dəstəyindən yararlanaraq, öz bizneslərini qurmaqda kömək edib.
Komitə sədri bildirib ki, artıq bu cür 8 mərkəz fəaliyyət göstərir. Daha bir mərkəzin Xaçmaz rayonunda yaradılması nəzərdə tutulub. Bu mərkəzlər yeni iş yerlərinin yaradılmasına və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına böyük dəstəkdir. Azərbaycan dövləti sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bunun nəticəsində ölkədə qadın sahibkarların da sayı artır. Bu layihələrin əsas məqsədini qadının “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməsi təşkil edir. Eyni zamanda, qadının iqtisadi cəhətdən güclü olması onu bir sıra çətinliklərdən və risklərdən sığortalayır. Buna görə də qadınlarımızda özünə inam hissinin yaranması, onların peşə hazırlığı kurslarına cəlb olunması, sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün xüsusi qurumlara ehtiyac var. Bu baxımdan beynəlxalq tərəfdaşlarla bərabər yaradılan Qadın Resurs mərkəzlərinin əhəmiyyəti böyükdür.
Diqqətə çatdırılıb ki, paytaxtın Xəzər, eləcə də Qusar və Sabirabad rayonlarında 530-a yaxın qadın regional Qadın Resurs mərkəzləri şəbəkəsinə qoşulub. Bacarıqların artırılması təlimləri çərçivəsində 310 qadın kompüter elmləri kursları, maliyyə savadlılığı və ailə büdcəsinin inkişafı üzrə ixtisaslaşdırılmış təlim kurslarından faydalanıb. Qadın Resurs mərkəzləri AQUPDK və rayonların yerli icra hakimiyyətlərinin əsaslı və davamlı dəstəyi ilə fəaliyyət göstərir.
Mərkəzin açılış mərasimində “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qaliblərinə və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qrantla təmin edilən qadınlara sertifikatlar təqdim olunub.
Qusarda açılışı olan Qadın Resurs Mərkəzinin təlimlərindən sonra öz biznesini açan xanımlar fikirlərini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüblər.
Təndir çörəyi biznesi quran Rəhilə Mirzəməmmədova işə Qusar Qadın Resurs Mərkəzinin təqdim etdiyi biznes, maliyyə, təşkilat idarəetməsi və bunun kimi bir sıra təlimlərdə iştirak etdikdən sonra başlayıb.
57 yaşlı Rəhilə Mirzəməmmədova bütün həyatını sadə kənd qadını kimi keçirib. Çox kasıb ailədə böyüyən Rəhilə xanımın təhsilini davam etdirmək imkanı olmayıb. Ailə həyatı, gündəlik qayğılarının ona xəyallarını unutdurduğu bir vaxtda Qadın Resurs Mərkəzi onun üçün ümid işığı olur.
Aysənəm və Leyli Hacıyevalar isə quru meyvə istehsalı ilə məşğuldurlar. İllər öncə həyat yoldaşını itirmiş Aysənəm xanım, qardaşı və onun həyat yoldaşı Leyli xanım ilə birgə yaşamağa başlayıb. Yalnız orta təhsilləri olan iki xanımın yeganə məşğuliyyəti meyvə-tərəvəz yığımı və ev işləri olub. Geniş meyvə və tərəvəz sahələri ailənin yeganə gəlir mənbəyi olub. İndi isə onlar öz bizneslərini yaradıblar.
"Bu, çox gözəl hissdir. Birdən-birə ətrafımızdakı dünyanı kəşf etməyə başladıq və bütün bu imkanları gördük. Çox şey öyrəndik. Artıq qonşularımız da işimizlə maraqlanırlar. Onlar da iştirak etmək istəyirlər" – deyə, Aysənəm xanım bildirir.