Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri də dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.
O bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini qeyd edərək təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılmasına qərar verilib.