Paytaxtımızda ənənəvi beynəlxalq caz festivalı - Baku Jazz Festival 2019-a start verilib. Festivalın elə ilk günündən Bakı sakinlərinə düz şəhərin mərkəzində ecazkar musiqi dinləmək üçün əla imkan yaradılıb.
Qız qalasının yaxınlığında quraşdırılan səhnədə Broadway Express Show-nun, Yannsen Kastelyonun, yerli caz qruplarının, eləcə də Türkiyənin Ercument Orkut Trio qrupunun çıxışlarını, performansını izləmək ürəyi istəyən hər kəsə qismət oldu. Ancaq ən parlaq sürpriz günün sonunda təqdim olundu - bu, Qız qalasının üzərindəki proyeksiya idi. İnstallyasiya, doğrudan da, füsunkar alındı.
Baku Jazz festivalı artıq 14 ildir ki, ölkəmizin paytaxtında keçirilir və miqyasına, artistlərin sayına görə ölkənin əsas caz hadisələrindən biri hesab olunur. Oktyabrın 18-dən 27-dək Bakının Rotunda Jazz Club, Beynəlxalq Muğam Mərkəzi və Akademik Musiqili Teatr kimi iri konsert meydanları Azərbaycanın və dünyanın müxtəlif öplkələrinin məşhur caz kollektivlərini qəbul edəcək.
Sputnik Azərbaycan Bakı caz festivalının informasiya tərəfdaşıdır.