BAKI, 17 oktyabr - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Suriyada əməliyyat keçirdiyi bölgədəki vəziyyəti müzakirə edəcəklər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Rusiya rəsmisinin sözlərinə görə prezidentlər, həmçinin Rusiya və Türkiyə əlaqələrini də müzakirə edəcəklər.
Peksov vurğulayıb ki, Kreml də Suriyanın şimal-şərqindəki vəziyyəti gərgin olaraq qiymətləndirir: “Prezident Putin bu yaxınlarda baş tutan telefon danışığı zamanı da əməliyyatın nəticələrinin biri kimi bölgədə humanitar böhranın ola biləcəyinə görə narahatlığını ifadə edib”.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş oktyabrın 22-də Soçi şəhərində baş tutacaq.
Xatırladaq ki, oktyabrın 16-ı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışaraq Suriya məsələsini müzakirə edib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
İki ölkə liderləri münaqişə zonasında Türkiyə ordusu ilə Suriya hökumətinin qoşunları arasında toqquşmanın qarşısının alınmasını labüd hesab ediblər. Həmçinin prezidentlər Suriyanın ərazi bütövlüyünün təmin edilməsinə sadiqliklərini vurğulayıblar.
Putinlə Ərdoğan Suriyadakı vəziyyətin siyasi yolla həlli prosesinin davam etdirilməsi üçün oktyabrın sonunda Cenevrədə BMT-nin başçılığı ilə Konstitusiya Komitəsinin iclasının keçirilməsinə cəhd etmək barədə razılığa gəliblər.
Putin türk həmkarını yaxın günlərdə Rusiyaya işçi səfərə dəvət edib, Ərdoğan təklifi qəbul edib.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. Bu günə qədər Suriyanın şimalında keçirilən əməliyyat zamanı 673 terrorçu zərərsizləşdirilib.