Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 oktyabr — Sputnik. Bu ilin oktyabrın 1-10 tarixlərində Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınması həyata keçirildi. 11-15 oktyabr tarixlərində isə həmin müddətdə siyahıya alınmayan əhalinin siyahıya alınması üçün əlavə vaxt ayrıldı. Bununla belə, yenə də əhalinin bir hissəsi siyahıya alınmadığını, ümumiyyətlə onların qapılarının döyülmədiyini deyir.
Məsələ ilə bağlı tanınmış iqtisadçı-alim Vüqar Bayramov da çıxış edib. Siyahıya alınmayan şəxslərdən biri olan ekspert siyahıyaalınmanın ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu deyir: "BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağrışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımdan vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil (halbuki bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümkündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır".
Bəs əhalinin siyahıyaalınması niyə zəif keçirilib? Əhali niyə narazıdır və günahkar kimdir?
Bu sualları ünvanladığımız Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev birbaşa olaraq cavab vermək istəməyib: "Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də bu işə cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Qeyd edək ki, əhalinin siyahıya alınması üçün 2019-cu ilin dövlət büdcəsindən 23,2 mln. manat vəsait ayrılıb. Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb.
Bax belə! Sualı versək də, cavab açıq qaldı. Statistika Komitəsi işi başa çatdırdığını deyir, əhali isə narazıdır. Həqiqət isə deyəsən ortadadır.