BAKI, 16 oktyabr — Sputnik. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları "Nəsimi ili" çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı "Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlara başlayıb
İnstitutdan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Numizmatika və Epiqrafika" şöbəsinin müdiri, arxeoloq Akif Quliyev və aparıcı elmi işçi Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılıb və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıb. Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb.
"Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb. Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, başdaşıları isə 1,78x0,43x0,18 m ölçüsündə olub, üzərilərinə ərəb dilinin süls elementli nəsx xətti ilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın "Bəqərə" surəsinin 255-256-cı ayələri olan "Ayətül-kürsi" həkk olunub. Digər sənduqədə isə yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq", – deyə sənəddə qeyd edilir.
Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbiristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, "Julidəmuy" - farsca "dağınıqsaçlı" ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1360-1417) ilə birlikdə Şamaxıda "Məclis-əş-Şüəra" adlanan poeziya və musiqi həvəskarları məclisini qurub. Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib: "Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir. Şahi Xəndan Nəsiminin "kəşfi-əsrar" etdiyindən xəbərdar olduqda, qardaşının ehtiyatlı olmağını bildirərək bu beyti göndərib: Gəl, bu sirri kimsəyə faş eyləmə, Xani-xası amməyə aş eyləmə. Həmçinin, görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da "Şahxəndan" qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş: Mən öləndə Şahxəndanda basdırın, çünki onun Şahidi-Xəndanı var".
Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam edir.