BAKI, 16 oktyabr — Sputnik. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına məxsus neft yataqlarının hücuma məruz qalmasından sonra İranın kiberməkanında gizli əməliyyat keçirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Reuters"-ə adı açıqlanmayan mənbə bildirib.
Mənbələrin sözlərinə görə, əməliyyat sentyabrın sonuna keçirilib və rəsmi Tehranın "təbliğat"la bağlı imkanlarına qarşı olub. Mənbələrdən biri vurğulayıb ki, hücum, avadanlıqlara "fiziki təsir" edib. Lakin mənbə daha ətraflı məlumat verməkdən imtina edib.
Pentaqon Birləşmiş Ştatlar tərəfindən kiberhücumun həyata keçirilməsinə dair məlumatı şərh etməkdən imtina edib.
"Siyasətimiz və operativ təhlükəsizliklə bağlı biz kiberməkanda həyata keçirilən əməliyyatlar, kəşfiyyat məlumatları və planlarını müzakirə etmirik", - deyə qurumun rəsmi nümayəndəsi Elissa Smit bildirib.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.
Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda, neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin metan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.
Birləşmiş Ştatlar bu hücumda İranı ittiham edib.