İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 15 oktyabr — Sputnik. Düşənbədə istehsal mənşəyi məlum olmayan və uşaqların sağlamlığı üçün zərərli olan külli miqdarda konfet aşkarlanıb. Laboratoriyada araşdırma zamanı konfetlər turşuda yandırılıb və aşkar edilmiş sink və melanin əriməyib, buxarlanmayıb.
Mütəxəssislərin fikrincə, belə konfetləri yemək insan sağlamlığı üçün təhlükəlidir.
Azərbaycanda da mağazalarda, bazarlarda müxtəlif qiymətə mənşəyi, bir çox hallarda tərkibi də məlum olmayan qənnadı məmulatları, şokolad və konfetlər satılır.
İstehsal mənşəyi bəlli olmayan ərzaq məhsullarının istehlak edilməsi sağlamlıq üçün təhlükəlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, bazarda mənşəyi bəlli olmayan konfetlər var.
"Azad bazar iqtisadiyyatıdır. Kim nə istəsə sata bilər. Bizi narahat edən məqam odur ki, Azərbaycanda xarici konfetlərin adı mənimsənilərək istehsal olunur. Bazarda kifayət qədər konfet var və istehlakçı seçimində azaddır. Lakin bu konfetlərin saxlanma şəraiti qənaətbəxş deyil. "Ərzaq məhsullarının təhlükəsizliyi haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında, həmçinin Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, vaxtı keçmiş ərzaq məhsullarının satışı qadağandır", - deyə Hüseynov əlavə edib.
Onun sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün istehsal tarixi vurulan hissənin sonradan yapışdırılan kağız olub-olmadığına baxmalıdırlar: "İstehlakçının hüququ var ki, satış şəbəkəsindən malın qaimə sənədini tələb etsin və malın dükana nə vaxt gəldiyini, istehsal və saxlanma tarixini öyrənsin. Lakin Azərbaycanda satılan malların 80 faizinin heç bir sənədi yoxdur. Nazirlər Kabinetinin qərarı var ki, hər bir ədədinin üzərində tarix olmayan məhsulların açıq satışı qadağandır. Lakin bu gün bütün marketlərdə konfetlər açıq satılır. Bu sahədə də kütləvi surətdə aldatma var".
Qida eksperti Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün şokalad məmulatları şəkərli qənnadı məmulatlarına aid edilir: "Tərkibinə standartla tənzimlənən müxtəlif qatqılar əlavə edilir. Nəzərə almaq lazımdır ki, normadan artıq qatılan hər bir inqrediyent şokolad kütləsinin struktur-mexaniki xassələrini dəyişir. Məhz buna görə də şokolad istehsalında əlavələr xüsusi əhəmiyyət kəsb edir".
Ekspert qeyd edib ki, şokolad məmulatlarının aşağı qiymətə olmasını şərtləndirən amillər onların istehsalı zamanı istifadə edilən xammal və yarımfabrikatların ucuz olmasıdır.
"Şokolad istehsalında geniş istifadə edilən yağlar, emulsiyalaşdırıcılar, boya maddələri, dadvericilər, ətirləndiricilər və bu kimi digərləri deyilən iddiaya misaldır. Süni surətdə istehsal olunan inqrediyentlər təbii inqrediyentlərdən qat-qat ucuz olur və bu da şokolad məmulatlarının son satış qiymətinin ucuz olmasına gətirib çıxarır", - deyə ekspert vurğulayıb.