CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan 190 milyonluq Avrasiya bazarına çıxa bilər

CC0 / HesselVisser / containerYük konteynerləri, arxiv şəkli
Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 10 il ötür və sammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir. Təşkilatın yaranmasından sonra 50-dən çox tədbir keçirilib ki, onlardan 15-i Qırğızıstanda baş tutub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr - Sputnik. "Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 10 il ötür və sammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir. Təşkilatın yaranmasından sonra 50-dən çox tədbir keçirilib ki, onlardan 15-i Qırğızıstanda baş tutub". Sputnik Azərbaycan xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən 7-ci sammitində çıxış edərkən deyib.

Türkdilli ölkələr arasında nəqliyyat və digər sahələrdə əməkdaşlıq edildiyini deyən Qırğızıstan prezidenti vurğulayıb ki, Qırğızıstan Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alması istiqamətində işlər görür və gələcəkdə də bu istiqamətlə işlər davam etdirilməlidir: "Ölkələrimiz arasında iqtisadi, ticarət, investisiya sahəsində böyük potensial var. Qırğızıstan hər zaman türkdilli dövlət üçün daim açıq olacaq. Mən bu gün ölkələrimizin texnologiya və yaşıl iqtisadiyyat  sahəsində əməkdaşlığını, həmçinin nəqliyyat dəhlizlərinin yaradılmasını təklif edirəm, Qırğızıstan bu istiqamətdə işlər görür. Qırğızıstan və Qazaxıstanın Avrasiya İttifaqına daxil olması Türk Şurasından olan tərəfdaşlarımızın 190 milyonluq əhalisinin bazara çıxış imkanı yaradır. Mən əminəm ki, Azərbaycanın sədrliyi ilə Türk Şurası iqtisadiyyat, ticarət, investisiya sahəsində islahatlar davam edəcək. Əminəm ki, Azərbaycanın təşkilata sədrliyi olduqca səmərəli keçəcək".

Xatırladaq ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti keçirilir.  Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar. Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək. Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

Xəbər lenti
0