BAKI, 14 oktyabr - Sputnik. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb
XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.
Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparılıb və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulanıb.
Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.