Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 11 oktyabr — Sputnik. Son günlər gündəmdə olan məsələlərdən biri də tez-tez yanğınların baş verdiyi, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində söküntü işlərinin aparılmasıdır.
Sputnik Azərbaycan-ın əməkdaşı məlumatları dəqiqləşdirmək üçün "Sədərək" Ticarət Mərkəzi ilə əlaqə saxlayıb. Bildiriblər ki, "Sədərək" Ticarət Mərkəzinin köçürülməsi xəbəri doğru deyil. Ticarət Mərkəzində söküntünün aparılması isə həmin ərazidə yenidənqurma işləri ilə bağlıdır. "Sədərək" Ticarət Mərkəzindən buradakı mağazalara şəffaflıq üçün kassa aparatlarının qoyulması məsələsi ilə bağlı isə açıqlama vermək istəmədilər.
"Sədərək" ticarət mərkəzində yanğın baş verib>>
Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən "Binə" və "Sədərək" ticarət mərkəzlərində yerləşən təsərrüfat subyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması və ciddi hesabat blanklarının tətbiqi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görülür. Departament tərəfindən müntəzəm olaraq vergi ödəyicilərinin məlumatlandırılması prosesi aparılmaqla nəzarət-kassa aparatlarının quraşdırılmasına hazırlıq işləri həyata keçirilir.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlayıb, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.