Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 11 oktyabr — Sputnik. "Bu günün xüsusi bir gün kimi qeyd olunmasının əsas səbəbi odur ki, bir çox ölkələrdə qızlar doğularkən ayrı-seçkiliyin qurbanı olurlar. İl ərzində milyonlarla qız uşağı zorakılığa məruz qalır. Bura yalnız məişət zorakılığını deyil, abortları, bundan başqa, uşaq nikahlarına, uşaq əməyinə cəlb olunmalarını, onların qətlə yetirilməsini də misal çəkmək olar. Selektiv abortların olması, qızların təhsildən yayınması da ayrı-seçkiliyin bir nümunəsidir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Avropa Şurasının gender bərabərliyi komissiyanın eksperti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov 11 oktyabr, 2011-ci ildən etibarən BMT-nin Baş Assambleyasının qərarı ilə hər il qeyd olunan "Beynəlxalq Qızlar Günü" haqda danışarkən belə deyib. O öncəki illərlə müqayisədə uşaq nikahlarının sayında 10 dəfəyədək azalmaların olduğunu desə də, bu rəqəmin tamamilə sıfıra endirilmədiyini bildirib: "İl ərzində təxminən 450-500 qız uşaq evliliyinə cəlb olunur. Bu istiqamətdə müsbət nəticələr almaq üçün mübarizəmizi daha da gücləndiririk".
"Artıq gender bərabərliyinin təmin edilməsi və məişət zorakılığının qarşısının alınması ilə bağlı iki milli fəaliyyət planı var. Bu il həmin qanun layihələrinin qəbulu gözlənilir. Düşünürəm ki, bu qanunlar da müsbət töhfə verə biləcək. Biz mübarizəmizi daha da gücləndirmək üçün həm sosial şəbəkələr, mətbuat vasitəsilə qızların hüquqlarının müdafisəi üçün müəyyən addımlar atırıq. Selektiv abortların qarşısının alınması üçün mübarizənin gücləndirilməsinə ehtiyac var. Lakin təəssüflə qeydə etməliyəm ki, bu gün Azərbaycan qızlar və oğlan uşaqları arasında doğum nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir. Təəssüf ki, biz bu rəqəmləri dəyişə bilmirik", - deyə o əlavə edib.
Ekspert qızların hüquqlarının qorunması, onların xoş gələcəklə təmin olunması, təhsilli, savadlı qadın və ana olmaları, iqtisadi asılılığının olmaması üçün onların qarşısındakı maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayır: "Valideynlərə çağırış edirik ki, onlara baryer yaratmasınlar, orta və ali təhsil almalarına, müxtəlif yarışlara, o cümlədən də idman yarışlarına qatılmalarına imkan versinlər. Biz cəmiyyət olaraq onların hüquqlarının pozulmasına yox deməliyik".
Azərbaycanda erkən yaşlarda doğumlara gəldikdə də, rəqəmlərin nisbətən azaldığını deyə bilərik. Belə ki, 2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu yaş kateqoriyasından olan qadınlar tərəfindən 2129 uşaq dünyaya gəlib. Dünyadakı statistikaya görə isə orta hesabla hər saat ərzində dünyada 6 qadın məişət zorakılığı zəminində öldürülür.
Qadın azadlığına, hüquqlarının qorunmasına, gələcəyin sağlam psixologiyaya sahib savadlı, düşüncəli övladının böyüdülməsinə gedən yol isə təhsildən keçir. O zaman təhsillə bağlı bəzi rəqəmlərə də nəzər salaq:
Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci ildə Azərbaycanda 1 milyon 525 min 016 şagird orta məktəbdə təhsil alır. Onların 714 min 259-u qız, digərləri isə oğlan olub. Ötən il 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 54.99 faizi (44272 nəfər) oğlan, 45.01 faizi (36230 nəfər) qız şagirdlər olub.
Təhsil eksperti Kamran Əsədovla da bəzi rəqəmləri müqayisə edirik. Ekspert Sputnik Azərbaycan-a açıqlamasında orta məktəbdə qızların sayının azalmasının səbəblərindən danışır: "Qızların təhsildən uzaqlaşmasına erkən nikahlar və s. səbəb ola bilər. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin azalıb. Ali məktəblərə gəlincə isə, ötən il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 52.55%-ni (43469 nəfər) oğlanlar, 47.45%-ni (39255 nəfər) isə qızlar təşkil edib".
"Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər. Orta statistik göstəriciyə görə, qız abituriyentlərin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna marağı yüksəkdir. IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.35 dəfə yüksək olub. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 2.69 dəfə yüksək olub", - deyə o əlavə edib.
K.Əsədov qeyd edir ki, hazırda Azərbaycan universitetlərində təhsilin müxtəlif pillələri üzrə təhsil alan 164 min tələbədən 85 min 102-i qadındır. 2017-ci ildə bu göstərici 80 min 827 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.
Qeyd edək ki, ötən il təhsil alan qadınlardan 77 min 448-i dövlət, 7 min 654-ü isə özəl müəssisələrdə təhsil alıb. Göründüyü kimi, orta məktəbdə təhsil alma imkanlarına görə qızların sayı oğlanlardan az olsa da, ali təhsil alan qızların sayı isə oğlanlardan üstün olub.
Sonda isə bir daha qeyd edək ki, məişət zorakılıqları, qadınların qətlinin, selektiv abortların və bu kimi hadisələrdən doğan bir sıra problemlərin yaranmaması, sağlam ailənin qurulması üçün qızlarınızı sevin, onları qoruyun, ən əsası isə təhsil verib, peşə öyrədin!