Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Artıq İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb. Bu barədə Fonddan Sputnik Azərbaycan-a məlumat veriblər.
Sahibkarlıq kreditləri üzrə girov tələbinin aradan qaldırılması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, bu addımı yüksək qiymətləndirib: "Ümumiyyətlə, zəmanət mexanizmlərində müəyyən çatışmazlıqlar var idi. Xüsusilə də kiçik sahibkarlar üçün əlçatanlıq məsələsini qeyd etmək lazımdır, 30 mindən yuxarı kredit götürməlisən və s. Bundan əlavə, girov tələbləri var idi. Bu iki şərt kiçik və orta sahibkarların zəmanət mexanizmindən istifadə imkanlarını məhdudlaşdırırdı. Amma indi sahibkarlıq kreditləri üzrə təminatla bağlı tələblər aradan qaldırılırsa, bu, zəmanətli kreditlərin əlçatanlığını ciddi şəkildə artıran faktor hesab oluna bilər".
"Kiçik və orta sahibkarların maliyyə çıxış imkanlarının məhdud olduğu, bankların maliyyələşmə prosesində fəal iştirak etmədiyi dövrdə sahibkarlıq kreditləri üzrə girov tələbinin aradan qaldırılması sahibkarların maliyyə çıxış imkanlarını artıra bilər. Biznesin inkişafı üçün əlverişli şərait yaradılırsa, biznes imkanları artırsa, bu da yeni iş yerlərinin yaranması deməkdir. Dolayısı ilə iqtisadiyyatın stimullaşdırılması, iqtisadi aktivliyin dəstəklənməsi istiqamətində atılan hər bir addım yeni iş yerinin yaramasına gətirib çıxardır", – deyə o bildirib.
Rəşad Həsənov qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondu kreditlərə zəmanəti təklif edən, faizlərin müəyyən bir qismini subsidiyalaşdıran qurumdur, yəni sahibkarlarla bağlı hissədə kredit verən qurum deyil: "İpoteka hissəsində isə ipoteka kreditlərini maliyyələşdirir. Kredit verən tərəf kommersiya banklarıdır və onlar riski öz üzərinə götürmək istəmirdilər. Buna görə də yeni mexanizm formalaşdı və bu mexanizm bankların üzərində olan yükün bir qisminin dövlət tərəfindən əvəzlənməsidir. Bu da İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilir. Fond öhdəliyi öz üzərinə götürür, yəni bank tərəfindən sahibkara verilən kreditə zəmanət verir".
Onun sözlərinə görə, banklar mərhələli şəkildə təminat ilə bağlı şərtləri yüngülləşdirə bilərlər: "Amma bunun üçün iqtisadiyyatda ilk növbədə şəffaflıq təmin olunmalıdır. Yəni müəssisə şəffaf fəaliyyət göstərmirsə, gəlirlərini gizlədirsə, bu zaman bankın müəssisənin faktiki maliyyə vəziyyəti ilə bağlı dolğun məlumatlara malik olması imkanları məhdudlaşır. Belə olan halda hələlik girov təminatı banklar üçün kreditlərin geri qayıtması prosesində ən etibarlı mexanizmdir".
Qeyd edək ki, 2018-ci ilin sonlarından etibarən Fond tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.
Dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.
Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.