BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 18-dən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Kompleksin mətbuat katibi Pərvin Məmmədova bildirib ki, avtobuslar hər gün müvafiq saatlarda yola düşəcək. Avtobuslar Bakı - Mingəçevir reysi üzrə - 23:30-da, Mingəçevir - Bakı - 01:00-da, Bakı - Şəki - 23:30-da, Şəki - Bakı reysi üzrə isə 23:30 -da reysə çıxacaq: "Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda "avtovagzal.az" saytı və ya mobil tətbiq üzərindən "onlayn" qaydada əldə edə bilərlər".
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra oktyabrın 1-dən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcəklər. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən "Neoplan" markalı avtobuslarla həyata keçirilir.