Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 oktyabr — Sputnik. Paytaxtda sərnişin daşıyan avtobusların qapısı açıq şəkildə hərəkət etməsi mümkün olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, bu məsələ "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.
M.Ağayev bildirib ki, bu qərarda avtobusların texniki göstəricilərinə dair tələblər yer alıb. Tələblər sırasında göstərilib ki, avtobuslarda qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır: "Dövri texniki baxışdan keçməmiş avtobuslar da sərnişindaşımada istifadə edilə bilməz. Avtobuslar həmçinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi, sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqla təchiz edilməlidir. Eyni zamanda avtobuslar sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu, sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazla da təmin olunmalıdır".