Avropa təsnifat mərhələsinin oktyabrdakı oyunlarından nə gözlənilir

© Sputnik / Mikhail Kireev / Mediabanka keçidLitva-Portuqaliya seçmə oyunu
Litva-Portuqaliya seçmə oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu həftə AVRO-2020-nin final mərhələsinə ilk vəsiqə sahibləri müəyyənləşəcək. Əsas oyunlar haqqında məqaləmizdə oxuyun.

* Başqa vaxt göstərilmədiyi təqdirdə, bütün matçlar Mərkəzi Avropa Vaxtı (CET) ilə saat 20:45-də başlayır

Şimali İrlandiya üçün həqiqət anı

Şimali İrlandiya komandası “C” qrupundakı ilk dörd matçını Belarus və Estoniya ilə oynayaraq, maksimum xal qazansa da, son ev görüşündə Almaniyaya məğlub olub (0:2) və AVRO-nun final mərhələsinə ardıcıl ikinci dəfə çıxmaq vəzifəsini xeyli çətinləşdirib. İndi isə britaniyalılar sentyabrda iki qələbədən sonra (Almaniya ilə oyunda 4:2 hesablı qələbə də daxil olmaqla) cəmi 3 xal geridə qalan və ehtiyatda bir oyunu olan Niderland millisi ilə oynamaq üçün Rotterdama gedəcəklər.

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil qeyd edib: “Bir yol tapmalıyıq ki, [hollandlarla gələn cümə axşamı və noyabrın 16-da keçiriləcək matçlarda] dörd xal qazana bilək. Müvafiq olaraq, ya səfər oyununda heç-heçə edərək Belfastdakı vacib matçı özümüz üçün təmin etməli, ya da Rotterdamda qalib gəlməyə çalışmalıyıq. Məhz bu vəzifələrin həll etmək lazımdır.”

Cümə axşamı: Belarus - Estoniya (18:00 CET), Niderland - Şimali İrlandiya

Bazar: Belarus - Niderland (18:00 CET), Estoniya - Almaniya

Cümə axşamı bütün məsələləri həll etmək mümkün olacaqmı?

Belçikalılar altı başlanğıc turunda altı qələbə qazanıblar və növbəti üç xal komanda üçün final mərhələsində yeri təmin edəcək. Rusiyalılar Şotlandiyanı məğlub etsələr Belçikaya qoşula bilərlər, Qazaxıstan isə Kipr ilə xalları bölüşəcək. Bundan başqa, oktyabr matçlarında toplanacaq altı xal Stanislav Çerçesovun komandasını rəqiblərinin nəticələrindən asılı olmayaraq AVRO-2020-yə vəsiqə ilə təmin edəcək.

Bununla belə, Roberto Martinez “Real”da çətin günlərini yaşayan Eden Azar və Tibo Kurtuanın vəziyyətindən çox da narahat deyil: “Mən onlar üçün narahat deyiləm. Milli komandada oynamaq üçün götürəcəkləri fasilə onlara müsbət təsir edə bilər. Onlar kluba ayıq başla və güclü qayıdacaqlar”.

Cümə axşamı: Qazaxıstan - Kipr (16:00 CET), Belçika - San Marino, Rusiya - Şotlandiya

Bazar: Qazaxıstan - Belçika (15:00 CET), Kipr - Rusiya (18:00 CET), Şotlandiya - San Marino (18:00 CET)

Hersoq evə gedir

“G” qrupunda birinci və beşinci yerləri cəmi beş xal ayırır. Latviya heç bir xal qazana bilməyib, qalanlarının isə - lider Polşadan tutmuş beşincici yerdə olan İsrailə qədər - AVRO-ya getmək şansları var. Cümə axşamı İsrail komandası baş məşqçisi Andreas Hersoqun vətəni olan Avstriyanın millisinə qarşı oynayacaq və Sukkot bayramı ilə əlaqədar olaraq növbəti matçında Latviyanı çərşənbə axşamı qəbul edə biləcək.

“Ailəm stadionda olacaq. Hisslərimi bir kənara qoyub diqqətimi tam matça cəmləməliyəm. AVRO-ya çıxmaq üçün daha dörd qələbə qazanmalıyıq”, - Hersoq Vyanadakı görüş haqqında deyib.

Cümə axşamı: Şimali Makedoniya - Sloveniya, Latviya - Polşa, Avstriya - İsrail

Bazar: Sloveniya - Avstriya, Polşa - Şimali Makedoniya

Çərşənbə axşamı: İsrail - Latviya

Uelsə qüvvət verən Ceyms

“E” qrupunda Xorvatiya slovaklar və macarlardan cəmi bir xal, dördüncü yerdə olan uelslilərdən isə dörd xal irəlidədir. Bu qrupda bir çox məsələ cümə axşamı həll oluna bilər. Belə ki, AVRO-2016-nın yarımfinalçısı Uels evdə Slovakiya ilə oynayacaq. Martda uelslilər 21 yaşlı debütant Deniel Ceymsin qolu sayəsində Bratislavada 1:0 hesabı ilə qalib gəliblər və komandanın baş məşqçisi Rayan Giqs yaydan bəri “Mançester Yunayted”də çıxış edən futbolçunun daha yaxşı oyun göstərəcəyini gözləyir: “O, hər oyunla mükəmməlləşir. O, daim göz önündədir, çünki driblinq edə bilir, yaxşı ötürmə verir və aktiv hərəkət edir. O, müdafiəçilərin arasından çox yaxşı keçə bilir”, - Giqs deyib.

Cümə axşamı: Xorvatiya - Macarıstan, Slovakiya - Uels

Bazar: Macarıstan - Azərbaycan (18:00 CET), Uels - Xorvatiya

Çexlər “Slaviya” təcrübəsinə inanırlar

Praqadakı qələbə İngiltərə komandasını AVRO-2020-nin final turnirinin iştirakçısı edəcək. İkinci yerdə olan çexlər isə risk altındadır, çünki Kosovo onlardan yalnız 1 xal geri qalır. Göründüyü kimi, “A” qrupunda ikinci vəsiqənin taleyi noyabrın 14-də, yəni Yaroslav Şilhavinin komandasının Plzendə kosovalıları qəbul edəcəyi oyunda həll olunacaq. Çempionlar Liqasının iştirakçısı olan “Slaviya” klubundan 8 oyunçu Çexiya yığmasına çağırılıb. “Bizim üçün bu bir üstünlükdür. “Slaviya” daim böyük matçlar keçirir və onu oyunçuları belə şəraitdə oynamağa alışıblar”, - Yaroslav Şilhavi deyib.

Cümə: Çexiya - İngiltərə, Monteneqro - Bolqarıstan

Bazar ertəsi: Bolqarıstan - İngiltərə, Kosovo - Monteneqro

Ukraynalıların ümidləri

Hazırkı Avropa çempionu Portuqaliya sentyabrda 2 qələbə qazanıb və “B” qrupunun ikinci pilləsinə yüksəlib. AVRO-ya çıxmaq üçün oktyabr görüşlərində 4 xal toplamalı olan Ukrayna millisi liderdir. “Üç oyunumuz qalıb. Məqsədimiz maksimum xal toplamaq və AVRO-2020-yə yüksəlməkdir. Yalnız bundan sonra yay üçün planlarımız haqqında danışmaq mümkün olacaq. Hələ də vəzifəmizi başa vurmamışıq, ona görə də gələcək haqqında danışmaq mənasızdır”, - Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko deyib.

Cümə: Portuqaliya - Lüksemburq, Ukrayna - Litva

Bazar ertəsi: Ukrayna - Portuqaliya, Litva - Serbiya

Deşamın yolu ilə

“H” qrupu əvvəlcədən çox çətin qrup kimi göründü, çünki AVRO-2016-nın final mərhələsinin 4 iştirakçısı bu qrupa düşüb. Türkiyə və Fransa komandaları hələ ki, liderlik edirlər, islandiyalılar 3 xal geridədirlər, Albaniya komandası isə daha 3 xal geridə qalıb. Dünya çempionu Fransanın qrupdan çıxması üçün 2 qələbə kifayət edir. “Əvvəlcə İslandiyadakı ilk matçda qalib gəlməliyik. Sonra isə ikinci oyunda qazanıb vəzifəmizi yerinə yetirməliyik”, - fransalıların baş məşqçisi Didye Deşam deyib.

Cümə: İslandiya - Fransa, Türkiyə - Albaniya, Andorra - Moldova

Bazar ertəsi: Fransa - Türkiyə, Moldova - Albaniya, İslandiya - Andorra

Yenilənmiş İspaniya komandası

İspanlar Avropa təsnifat mərhələsinin bütün iştirakçıları arasında ən böyük liderliyə sahibdirlər – “qırmızı furiya” “F” qrupundakı ən yaxın rəqibini yeddi xal ilə qabaqlayır. İki qələbə İspaniya millisinə AVRO-2020-nin final mərhələsində yeri təmin edəcək. Lakin İspaniya oktyabr ayında maksimum xal qazanmadan da məsələni həll edə bilər.

Roberto Moreno milliyə üç debütantı - Serxio Regilon, Pau Torres və Jerar Morenonu dəvət edib. Təəccüblüdür ki, İspaniya futbolunun nəhəngləri “Real” və “Barselona” milli komandada cəmi üç oyunçu ilə təmsil olunurlar. “Tarixdə ən yaxşı milli komandalar əsasən böyük klubların nümayəndələrindən ibarət olub, lakin indi futbol bir az dəyişib. İspaniya millisinin az oyunçusu “primera”nın flaqmanlarında oynayır. İspan komandalarının zəiflədiyini söyləmək çətindir”, Moreno deyib.

Şənbə: Farer adaları - Rumıniya (18:00 CET), Norveç - İspaniya, Malta - İsveç

Çərşənbə axşamı: İsveç - İspaniya, Rumıniya - Norveç, Farer Adaları - Malta

Lixtştaynerin qayıdışı

“D” qrupunda üç komanda heç bir məğlubiyyətə uğramayıb. İndi isə üçüncü yerdə olan İsveçrə uğursuzluğa düçar olmamış yeganə komanda olaraq qalmağa çalışacaq. İsveçrəlilər əvvəlcə ikinci yerdə olan Danimarka ilə səfərdə oynayacaqlar, sonra isə evdə lider İrlandiyanı qəbul edəcəklər. İsveçrənin baş məşqçisi Vladimir Petkoviç martdan bəri ilk dəfə olaraq kapitan Ştefan Lixtştayneri milli komandaya dəvət edib. Digər tərəfdən isə, milli komandadan ayrılmaq fikrini dəyişmiş Cerdan Şakiri baldırın ikibaşlı əzələsinin zədəsi ilə millidən kənarda qalıb.

“Mən Lixtştaynerlə daim əlaqə saxlamışam və o, həmişə qüsursuz davranıb. Ştefan meydana çıxıb-çıxmamasından asılı olmayaraq komandaya hər zaman kömək etməyə hazır olduğunu sübut edib. O, hələ də komandanın kapitanı və lideridir”, - Petkoviç deyib.

Şənbə: Gürcüstan - İrlandiya (15:00 CET), Danimarka - İsveçrə (18:00 CET)

Çərşənbə axşamı: İsveçrə - İrlandiya, Cəbəllütariq - Gürcüstan

Mxitaryansız əsas səfər oyunları

İki qələbə İtaliya millisi üçün “J” qrupunda birinci yeri təmin edəcək. Apenninlilər Yunanıstanı Romada məğlub etsələr, Ermənistan isə Lixtenşteynlə dueldən üç xal qazanmasa, İtaliya şənbə günü qrupdan çıxışını təmin edə bilər. “Bu matç bizə final mərhələsi üçün vəsiqə verə bilər. Ümid edirik ki, 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında olduğu kimi “Olimpiko”nun tribunaları yenə dolu olacaq”, - “skuadra adzurra”nın məşqçisi Roberto Mançini deyib.

Ermənistan millisi ikinci yerdə olan Finlandiya komandasından üç xal geri qalır və növbəti iki oyun onun üçün həlledici olacaq. Ermənistan komandası “Roma”nın heyətində matçda zədələnmiş lideri Henrix Mxitaryan olmadan oynamalı olacaq.

Şənbə: Bosniya və Herseqovina - Finlandiya (18:00 CET), İtaliya - Yunanıstan, Lixtenşteyn - Ermənistan

Çərşənbə axşamı: Finlandiya - Ermənistan (18:00 CET), Lixtenşteyn - İtaliya, Yunanıstan - Bosniya və Herseqovina

Xəbər lenti
0